Azərbaycanın yeniyetmə badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Cup Youth International 2026” beynəlxalq turnirində 3 yaş kateqroyiasında mükafatçılar sırasında yer alıblar.
Badminton Federasiyasından verilən məlumata görə, idmançılar yarışda 5 qızıl, 4 gümüş və 8 bürünc medal qazanıblar.
Azərbaycan, Türkiyə, İsrail, Qazaxıstan, Gürcüstan və Ermənistanı təmsil edən badmintonçuların iştirak etdiyi turnirdə Murad Qarayev – Aidə Qurbanova, Murad Qarayev – Doğan Ayan (Türkiyə), İsmayıl Qarayev – Zülfüqar Kərimli, Yusif Kamalov – Ömər Mehdi və Ömər Mehdi qızıl medal qazanıblar. Murad Qarayev və Yusif Kamalov oğlanların, Banu İbrahimli isə qızların fərdi yarışında gümüş medala layiq görülüb.
U-15 qarışıq qoşa kateqoriyasında Ömər Mehdi – Ayla Zeynalova tandemi də gümüş medalçılar sırasında yer alıb. Aidə Qurbanova - Melis Demir (Türkiyə), İsmayıl Qarayev, Zülfüqar Kərimli, Dəniz Əhmədli, Lalə İsmayılova, Zülfüqar Kərimli – Dəniz Əhmədli, İsmayıl Qarayev – Lalə İsmayılova və Dəniz Əhmədli - Lalə İsmayılova yarışın bürünc medallarına sahib çıxıblar.