Xəzər dənizində zəlzələ olub.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin məlumatına görə zəif afterşoklar davam edir.