İstanbulda təşkil olunan Etnospor Mədəniyyət Festivalına yekun vurulub.

Dövlət Sərhəd Xidmətindən AZTV.AZ-a verilən məlumata görə, dördüncü dəfə təşkil edilən festivala 16 ölkə qatılıb.

Festivalda ölkəmizi Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsindən və rəqs ansamblından ibarət 50 nəfərlik heyət təmsil edib.

Oktyabrın 3-dən 6-dək davam edən festival çərçivəsində keçirilən müxtəlif tədbirləri Türkiyənin müxtəlif bölgələri ilə yanaşı, dünyanın bir sıra ölkələrindən gəlmiş ümumilikdə bir milyondan artıq insan izləyib.

Qarabağ atlarının bu tədbirdə iştirakı xüsusilə əlamətdar olub. “Bir millət, iki dövlət” şüarı altında təqdim olunan “Azərbaycan kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya tamaşaçıların böyük marağına səbəb olub.

Tədbirin sonunda iştirakçılar xüsusi medallar və fərmanlarla təltif ediliblər. Azərbaycan təmsilçilərinə mükafatları Türkiyə Respublikasının vitse-prezidenti Fuad Oqtay təqdim edib.