Xəzər Dəniz Akvatoriyasında oktyabrın 7-si səhər saat 9:00-dan axşam saat 21:00-dək Şimal Qərb, Şimal küləyinin sürəti 13-18 metr saniyə, arabir 20-23 metr saniyə olacaq.
AZTV.AZ xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə xəbərdarlıq daxil olub.
Qeyd olunur ki, küləyin sürəti 25-30 metr saniyəyədək güclənəcək. Dalğanın hündürlüyü 2,5-3,5 metr, sonrakı inkişafda 3,5-5,5 metr olacaq. Axşama doğru küləyin sürətinin azalacağı gözlənilir.
Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib. Növbəçəkmə ərazilərində növbə çəkən gəmilərin hərəkətində problem yaşanmayıb. Bununla yanaşı dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırılıb.
Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.