Gəncədə törədilən erməni terroru dünya mediasının da gündəmindədir. Bu dəfə məşhur BBC televiziyası hadisə yerindən reportaj hazırlayıb.
“Bu qadın “icazə verin, sonuncu dəfə üzünü görüm” deyə yalvarır. Bu çarəsiz axtarışda o tək deyil. O, “icazə verin, baxım, görüm, bizim ailədəndir?” deyir”. Orla Querinin reportajı bu cümlələrlə başlayır.
Ağlayaraq “bütün ermənilər ölsün” deyir. Azərbaycanın ikinci böyük şəhəri Gəncədə onun yaşadığı küçədən geriyə bunlar qalıb.
Müxbir rəsmi Bakıya istinad edərək bildirir ki, görüntülərdəki Ermənistan tərəfindən atılan ballistik raketin qalıqlarıdır və Azərbaycan Ermənistanı müharibə cinayəti törətməkdə ittiham edir.
“Aydın görünür ki, insanların məskunlaşdığı binaların, mənzillərin yerləşdiyi bu ərazi mülki hədəf olub. Dağıntılar arasında yataq dəstləri, döşəklər, örtüklər ətrafa səpələnib. Hücum gecə saat 2 radələrində baş verib. Atəşkəs rejimi tətbiq olunmalı idi, ancaq bu daha çox total müharibəyə oxşayır”, - deyə müxbir hadisə yerindən xəbər verir.
“Bəs sonra nə olacaq? Hər iki tərəfdə ən pisi hələ qarşıdadır? Atəşkəs qüvvədən düşüb?” Müxbir bu sualları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə ünvanlayır.
“Əslində, vəziyyəti qiymətləndirmək çətindir. Odur ki, biz hazırda vəziyyəti nəzərdən keçiririk. Əgər Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı hücumlarını davam etdirsə, o zaman Azərbaycan legitim hərbi hədəfə qarşı lazımi tədbirləri görmək məcburiyyətində qalacaq”, - deyə H.Hacıyev cavab verib.
“Siz deyirsiniz ki, onlar sizə atəş açıb, həmçinin, qeyd edirsiniz ki, buna qarşılıq vermək haqqına sahibsiniz. Bəs indi necə olacaq? Siz atəşkəs anlaşmasına sadiq qalacaqsınız, yoxsa bu hücuma qarşılıq verəcəksiniz?”
Hikmət Hacıyev bu sualları da cavablandırıb: “İndiki mərhələdə biz atəşkəs anlaşmasına əməl etməyə çalışırıq. Ancaq, əlbəttə ki, onlar bizim mülki vətəndaşlarımıza qarşı hücumları davam etdirsələr, hər bir ölkənin olduğu kimi, bizim də özümüzü müdafiə etmək hüququmuz var”.
Sonda reportyor ümumilikdə müharibənin dəhşətlərinə diqqət çəkir.