Ermənilər regionda baş verən həqiqətləri, özlərinin işğalçı əməllərini gizlətmək üçün yalan məlumatlar yayır, saxta profilləri ilə virtual məkanda da fəallaşıblar. Düşmən cəbhədə olduğu kimi, sosial şəbəkələrdə də təxribata əl atırlar.
Əlbəttə ki, elmi-texniki inkişafa uyğun olaraq, dünyada gedən müharibələrin metod və silahları da dəyişməkdədir. Reallıq və baş verən proseslər bir daha təsdiqiləyir ki, artıq dünyanı bürüyən informasiya müharibəsi daha təhlükəli vasitəyə çevrilib. İnsanları asan yolla yönləndirən informasiya onların əhvalına daha sürətlə təsir edir. Bu gün ermənilər və onların xaricdəki havadarları ölkəmizə qarşı yalan, yanlış məlumatlar üzərində qurulan, təxribat xarakterli informasiya müharibəsi aparır. Xüsusilə ermənilərin kəşfiyyat-təxribat qrupu son zamanlar təkcə cəbhədə deyil, sosial şəbəkələr vasitəsilə də çaşqınlıq yaratmaqda fəallaşıblar. Bunun bir qismi düşünülmüş şəkildə yayılan xəbərlərdir, digər bir qismi də ayrı-ayrı ölkələrin, o cümlədən Ermənistanın sosial şəbəkələrə müdaxiləsi nəticəsində informasiya təhlükəsizliyini təhdid edən xəbərlərdir. Çox təəssüf ki, bəzən vətəndaşlarımız da fərqinə varmadan o xəbərlərin təsiri altına düşür. O da nəticə etibarilə bizim ümumi təhlükəsiziliyimzi təhdid edir. Mütəxəssislər sosial şəbəkə istifadəçilərinə bu məsələdə diqqətli olmağı, xüsusilə də ordumuzla bağlı yayılan məlumatlara ehtiyatlı yanaşmağı tövsiyyə edirlər. Təxribatlara qarşı mübarizə aparamaq ilk növbədə Azərbaycan vətəndaşlarının borcudur. Biz ayıq-sayıq olmalı, xəbərləri keyfiyyətinə görə ayırmağı bacarmalıyıq ki, ona qarşı mübarizə apara bilək.
Bu gün çirkin niyyətlərinə çatmaq üçün ermənilər və onların havadarları davamlı olaraq sosial şəbəkələrdə saxta hesab açaraq müxtəlif dezinformasiyalar yayırlar. Məsələn, erməni Alen Qulyan Ermənistan Müdafiə Nazirliyinin ştatlı dezinformatorudur. Hər fürsətdə müxtəlif saxta məlumatlar yayaraq çaşqınlıq yaratmağa çalışan Qulyan son olaraq iddia edib ki, guya, Suriyadan Azərbaycana döyüşmək üçün 300 nəfər göndərilib və onların hər birinə aylıq 2000 dollar maaş veriləcək. Təbii, bizə aydındır ki, ermənilər bu yalan məlumatla işğal altında saxladıları Azərbaycan ərazilərinə gətirdikləri muzdlu döyüşçüləri ört-basdır etmək və bu barədə yayılan doğru informasiyalardan insanları yayındırmaq istəyirlər. Alen Qulyanın yalan məlumatlarını türkiyəli jurnalist Levent Kamal da ifşa edib. Jurnalist “Twitter” bloqunda yazıb ki, “Həmzə Diviziyon komandiri Seyfe bu Bekirlə danışıb və o da, Həmzə Briqada döyüşçülərinin Azərbaycana transferi barədə bütün iddiaları rədd edib”. Bu məlumatı Türkiyə Ordusuna bağlı mənbələrin də rədd etdiyini yazıb.
Azərbaycana qarşı təxribata cəhd göstərənlərdən biri də din pərdəsi altına yalanlar yayan, dövlətçiliyimiz əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəylidir. Aydın məsələdir ki, münaqişə davam etdiyi müddətdə erməni təxribatları davamlı olacaq. Çünki bundan əvvəl də iyulda Tovuzda ermənilərin törətdiyi silahlı təxribatlar zamanı sosial şəbəkələrdə bu cür halların baş verdiyinin, yalan məlumatların yayıldığının şahidi olmuşduq. Ona görə də sosial şəbəkə istifadəçiləri, xüsusilə də gənclərimiz bu məsələdə çox ayıq-sayıq, diqqətli olmalı, ordumuzla bağlı yayılan məlumatlarda rəsmi açıqlamalara istinad etməlidirlər.
Tarix boyu müharibələrdə informasiyanın rolu çox böyük olub. İndiki şəraitdə dəyişən sadəcə informasiya vasitələri, virtual məkandır. Artıq əminliklə deyə bilərik ki, Azərbaycan bu məkanda düşünülmüş, peşəkar siyasət aparır. Sadəcə erməni təxribatlarının, yalanlarının qarşısını vaxtında almaq üçün daha da ayıq-sayıq və fəal olmalıyıq.
Südabə Cahangirli, Sirac Abışov