Noyabrın 25-də Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) təşkilatçılığı ilə “Azərbaycan irsinə səyahət” adlı infosessiya keçirilib.

 

Tədbirdə çıxış edən ARKA-nın baş direktoru Rəşad Əzizov Azərbaycan kinosunun inkişafında özəl sektorun rolunun artdığını, dövlətin isə film istehsalında əsasən sifarişçi kimi çıxış etdiyini bildirib. O, layihənin filmlərin vahid konsepsiya əsasında, elmi araşdırmalara və mütəxəssis rəylərinə əsaslanaraq hazırlanmasını hədəflədiyini qeyd edib.

“Azıx mağarası: Azərbaycanın beşiyi” sənədli filminin rejissoru Atakan Kərküklü ekran əsərinin əsas məqsədinin azərbaycanlı və avropalı alimlərin birgə tədqiqatlarını beynəlxalq ictimaiyyətə çatdırmaq olduğunu söyləyib. O, filmin beş ölkədə lentə alındığını və çəkilişlər zamanı Azıx mağarasından aşkar edilmiş 500 min il yaşı olan alt çənə sümüyünü əlində tutmağın onun üçün xüsusi təcrübə olduğunu deyib.

“İşquz dövləti” bədii-sənədli filminin prodüseri Azər Aydəmir ekran əsərində insanlığın ilkin tarixi, insanın mənşəyi və bu coğrafiyanın keçmişi ilə bağlı sualların araşdırıldığını bildirib.

“Memar Əcəmi: Daşlara yazılan tale” bədii filminin rejissoru Elxan Cəfərov isə Memar Əcəminin şəxsi həyatı haqqında tarixi məlumatların məhdud olduğunu, filmin onun həyat və yaradıcılığını əks etdirdiyini qeyd edib. Rejissorun sözlərinə görə, tarixi faktların audiovizual formada təqdimatı emosional yaddaş yaradır və məlumatların daha uzun müddət yadda qalmasına kömək edir.

Tədbir sual-cavab formatında davam edib.