Noyabrın 24-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Milli Məclisin sədri bu səfərin iki ölkə arasındakı münasibətləri daha da möhkəmləndirəcəyinə və əməkdaşlıq üçün yeni imkanlar yaradacağına inamını ifadə edib.

Görüşdə Azərbaycan ilə Gürcüstanın yaxın dost və strateji tərəfdaş ölkələr olduğu vurğulanıb. Bildirilib ki, gələn il ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünü qeyd edəcəklər.

Yüksəksəviyyəli təmasların və müntəzəm siyasi dialoqun ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün mühüm rolundan danışan S.Qafarova bu baxımdan Prezident İlham Əliyevin Gürcüstana, Baş nazir İrakli Kobaxidzenin isə Azərbaycana səfərlərinin mühüm əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, ölkələrimiz arasında imzalanmış sənədlər iqtisadi əlaqələrin inkişafına töhfə verir. Bu sahədə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya mühüm rola malikdir. Söhbət zamanı ölkələrimiz arasındakı enerji və nəqliyyat layihələrinin əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkənin xalqları, həmçinin gənclər arasında sıx əlaqələrin əhəmiyyəti, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə də danışılıb.

Parlamentlərarası əlaqələrin rolundan danışan Milli Məclisin sədri bildirib ki, parlamentlərimiz rəhbərlik, dostluq qrupları, komitələr və beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri vasitəsilə sıx dialoqu davam etdirirlər. 2025-ci ilin martında imzalanmış Əməkdaşlıq Memorandumu bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün zəmin yaradır.

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşlərini xatırlayan Milli Məclisin sədri iki ölkənin parlamentlərinin komitələri arasındakı əməkdaşlığın perspektivlərindən danışıb. O, Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında imzalanmış əməkdaşlıq memorandumunun əhəmiyyətini qeyd edib.

Milli Məclisin sədri qonağa Ermənistanla sülh prosesinin gedişi barədə də məlumat verib.

Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Azərbaycanda olmaqdan məmnunluğunu bildirərək, Prezident İlham Əliyevlə görüşü və müzakirə olunmuş məsələlər barədə təəssüratlarını bölüşüb.

Azərbaycanın Gürcüstan üçün mühüm tərəfdaş olduğunu deyən qonaq bu gün Gürcüstan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyini bildirib. O diqqətə çatdırıb ki, iqtisadi, enerji, nəqliyyat sahələri ilə yanaşı, parlamentlərimiz arasında əlaqələrin də inkişaf etdirilməsi vacib məsələdir.

Qeyd olunub ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması regionda dayanıqlı sülhü və sabitliyi təmin edəcək. Bildirilib ki, bu sülh prosesi Gürcüstanda da yaxından izlənilir və dəstəklənir.

Söhbət zamanı iki ölkənin təhsil, gənclər siyasəti, parlamentlərarası, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.