Bakı 2027-ci ildə idman dünyasının gələcəyini şəkilləndirən əsas qərarların qəbul edildiyi mühüm mərkəzə çevriləcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, mayın 9-dan 13-dək paytaxtımız idman sənayesinin ən mötəbər və miqyaslı platformalarından biri olan “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək.
Tədbirə qatılmaq istəyənlər üçün erkən qeydiyyat mərhələsinə artıq start verilib. Rəsmi qeydiyyat keçidi vasitəsilə müraciət edərək tədbirdə iştirakı daha münasib qiymətlə indidən təsdiq etmək mümkündür. Erkən qeydiyyat qısa müddət qüvvədə olacaq.
Qeyd edək ki, sammitdə 120-dən çox beynəlxalq idman federasiyası, Beynəlxalq Olimpiya Komitəsi (BOK), qlobal idman yarışlarına ev sahibliyi edən şəhərlərin rəhbər strukturlarının və idman sənayesinin aparıcı şirkətlərinin təmsil olunacağı gözlənilir. Ümumilikdə 65-dən artıq ölkədən 600-dən çox təşkilatı təmsil edən 1700-dən yuxarı rəsmi nümayəndənin iştirakı nəzərdə tutulur.
SportAccord beynəlxalq idman təşkilatlarının rəhbərlərini, sənaye ekspertlərini və iş dünyasının liderlərini bir araya gətirən müstəsna platformadır. Beş gün davam edəcək sammit çərçivəsində beynəlxalq federasiyaların rəsmi iclasları, konfranslar, panel müzakirələri, ixtisaslaşmış sərgilər və B2B görüşlər təşkil olunacaq. İştirakçılar strateji tərəfdaşlıqlar qurmaq, qabaqcıl təcrübə mübadiləsi aparmaq və idman sənayesinin gələcək inkişaf vektorlarını müəyyənləşdirmək imkanı əldə edəcəklər.
Tədbirin əsas işgüzar proqramı Bakı Konqres Mərkəzində baş tutacaq. Təntənəli açılış mərasimi isə Heydər Əliyev Mərkəzində keçiriləcək.
SportAccord Convention 2027 Azərbaycanın qlobal idman xəritəsindəki mövqeyini daha da möhkəmləndirməklə yanaşı, ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanlarını yenidən nümayiş etdirəcək. Bu möhtəşəm sammit yerli şirkətlər və təşkilatlar üçün dünya idman sənayesinin aparıcı simaları ilə birbaşa əlaqələr qurmaq, öz potensialını beynəlxalq auditoriyaya təqdim etmək fürsəti yaradacaq.