Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə Tallin şəhərində yerləşən Kadriorq İncəsənət Muzeyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert keçirilib.

 

Bu barədə səfirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən bəhs edib. Səfir bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı Vətən müharibəsi zamanı öz liderinin ətrafında sıx birləşərək milli həmrəylik və birlik nümayiş etdirib. O, rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi misilsiz qəhrəmanlıq nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının, eləcə də Azərbaycan tarixində və mədəniyyətində xüsusi yeri olan Şuşa şəhəri də daxil olmaqla, işğal altında olan torpaqlarımızın azad edilməsinin tarixi əhəmiyyətini vurğulayıb.

Səfir, həmçinin Zəfər Gününün Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu qeyd edərək, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bu əlamətdar gündə dərin ehtiramla yad edildiyini bildirib. Eyni zamanda, dövlətçilik tariximizin əlamətdar bayramı olan 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə iştirakçıları təbrik edib.

Konsert proqramı çərçivəsində Tallində yaşayan və fəaliyyət göstərən gənc azərbaycanlı musiqiçilər Əli Əmişov və pianoçu Nəriman Əmiraslan Zəfər Gününə həsr olunmuş Azərbaycan musiqi nümunələrini ifa ediblər. Gənc musiqiçilərin ifaları tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tədbirin sonunda iştirakçılar Estoniyada yaşayıb-yaradan tanınmış rəssam Rövşən Quliyevin Qarabağın, xüsusilə də Şuşanın füsunkar təbiətini əks etdirən rəsm əsərləri ilə tanış olublar.