Energetika naziri Pərviz Şahbazov Antalyada “Dəyişən qlobal şəraitdə enerji keçidinin formalaşdırılması” mövzusunda IEA-COP31 Türkiyə Energetika Nazirlərinin Dialoqunda çıxış edib.

 

Nazirlikdən bildirilib ki, P. Şahbazov elektrikləşmənin enerji keçidində yeni mərhələ açdığını, enerji istehsalı ilə yanaşı, iqtisadiyyatın enerji istehlakı modelini də dəyişdirdiyini bildirib. Bu prosesin bütöv enerji sisteminə sərmayə tələb etdiyi, istehsal, şəbəkələr və enerji saxlancının paralel inkişafının, regional bağlantıların genişləndirilməsinin vacibliyi vurğulanıb. Etibarlı və münasib qiymətli elektrik təchizatının sənaye, nəqliyyat və istilik sistemlərinin elektrikləşməsini sürətləndirəcəyi qeyd edilib.

COP31-in 2035-ci ilədək elektrik enerjisinin son enerji istehlakındakı payını 35 faizə çatdırmaq gündəliyinin infrastruktur, əlçatan maliyyə və beynəlxalq əməkdaşlıqla dəstəklənməsinin əhəmiyyəti diqqətə çatdırılıb. “Ölkələrin resursları və inkişaf imkanları fərqlidir. Ortaq məqsəd hamı üçün eyni yol demək deyil”, - deyə nazir bildirib.

Azərbaycanın bərpa olunan enerji istehsalını şəbəkələrin modernləşdirilməsi və enerji saxlancı ilə birlikdə inkişaf etdirdiyi vurğulanıb. Mərkəzi Asiyanı, Xəzər regionunu, Cənubi Qafqazı, Türkiyə və Avropanı birləşdirən yaşıl enerji dəhlizi təşəbbüslərinin daha geniş coğrafiyada etibarlı və sərfəli elektrikləşməyə imkan yaratdığı qeyd olunub.

Nazir COP28-in bərpa olunan enerji istehsalı, COP29-un şəbəkələr və enerji saxlancı üzrə təşəbbüslərinin COP31-in elektrikləşmə gündəliyini tamamladığını bildirərək bu istiqamətlərin vahid strategiyada birləşdirilməsinə, öhdəliklərin konkret investisiyalara və layihələrə çevrilməsinə çağırıb.

Elektrikləşmənin uğurunun sürətlə yanaşı, insanların etibarlı və münasib qiymətli enerjiyə çıxışı, enerji təhlükəsizliyi və iqtisadi inkişafla ölçülməli olduğu vurğulanıb.