Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş etdirilib.
Şəhid analarının və qazilərin də izlədiyi tədbirdə əvvəlcə Əməkdar artist Nicat Kazımov və şair-dramaturq İlqar Fəhmi çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən, şanlı Qələbənin bəxş etdiyi qürur hissindən bəhs ediblər.
Daha sonra Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qeyd edək ki, vətənpərvərlik ruhunda hazırlanan və təsirli səhnələrlə zəngin olan “Balaca kişilər” tamaşası İlqar Fəhminin eyniadlı əsəri əsasında Əməkdar artist Nicat Kazımov tərəfindən quruluş verilib.