Azərbaycan radiosu milli düşüncənin və dövlətçilik ideologiyasının qorunmasında mühüm missiya daşıyır.
Bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov Bakı Dövlət Universitetində (BDU) Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya” mövzusunda respublika elmi-praktik konfransda çıxışı zamanı deyib. O bildirib ki, 1926-cı il noyabrın 6-da “Danışır Bakı: RB-8” sözləri ilə müntəzəm yayıma başlayan Azərbaycan radiosu birəsrlik fəaliyyəti ərzində xalqın və dövlətin sözünə çevrilib. Bu gün radio yalnız bir media qurumunun deyil, bütövlükdə xalqın və dövlətin milli sərvəti, tarixi yaddaşının mühüm tərkib hissəsidir. Azərbaycan radiosunun yüzillik tarixi milli təfəkkürün, milli ideologiyanın və kimliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, radio sovet dövrünün ən çətin və repressiv mərhələlərində belə Azərbaycan dilinin saflığının qorunmasına, milli düşüncənin və azərbaycançılıq ideologiyasının gələcək nəsillərə ötürülməsinə əvəzsiz töhfələr verib.
QSC sədri bu baxımdan “Bulaq” verilişinin xüsusi əhəmiyyətini vurğulayıb. Bildirib ki, həftədə iki dəfə yayımlanan bu proqram Azərbaycan dilinin saflığını, zənginliyini və ifadə gözəlliyini qoruyan mühüm radio layihələrindən biridir. O, Azərbaycan radiosunun ölkənin taleyüklü tarixi hadisələrinin işıqlandırılmasında da mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan Televiziyasının enerji blokunun partladılması nəticəsində televiziya yayımı dayandırıldıqdan sonra xalqın və dünya ictimaiyyətinin 20 Yanvar faciəsi barədə məlumatlandırılmasında Azərbaycan radiosunun xidmətləri xüsusi olub.
R.Məmmədov torpaqlarımızın işğalı dövründə, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında, atəşkəs haqqında sazişin imzalanması və digər mühüm tarixi hadisələrin işıqlandırılmasında, eləcə də 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycanın qələbə xəbərlərinin ictimaiyyətə çatdırılmasında radionun rolunu vurğulayıb. Bildirib ki, Azərbaycan radiosunun missiyası tarixin müxtəlif mərhələlərində olduğu kimi, bu gün də davam edir. Müasir dövrdə fiziki müharibənin ideoloji müstəvidə davam etdiyini qeyd edən QSC sədri milli maraqların, ana dilinin, milli düşüncə və ideologiyanın qorunmasının vacibliyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, rəqəmsal texnologiyaların, süni intellektin və yeni kommunikasiya platformalarının inkişafı yeni imkanlarla yanaşı, milli dil və düşüncə tərzinin qorunması baxımından müəyyən çağırışlar da yaradır. Bu şəraitdə Azərbaycan radiosunun üzərinə düşən məsuliyyət daha da artır.
QSC sədri Azərbaycan radiosunun veteranlarının xidmətlərini xüsusi qeyd edərək onların birəsrlik peşəkarlıq ənənələrinin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadıqlarını bildirib. O, Ulu Öndər Heydər Əliyevin “Azərbaycan televiziyası və radiosu Azərbaycan xalqının evidir” fikrini xatırladaraq bu media qurumunun xalqın milli-mənəvi dəyərlərinin yaşadılmasında əhəmiyyətini vurğulayıb və Azərbaycan radiosunun bundan sonra da milli maraqların, dövlətçilik ideologiyasının və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz missiyasını layiqincə davam etdirəcəyinə əminliyini bildirib.