Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatının açılışı olub.

 

Açılış mərasimində çıxış edən Azərbaycan Alpinizm Federasiyasının prezidenti Ağakərim Səmədzadə idman dırmanmasının beynəlxalq səviyyədə inkişaf etdiyini qeyd edərək, ölkədə bu idman növündə əsas hədəfin beynəlxalq yarışlarda uğur qazanan idmançılar yetişdirmək olduğunu vurğulayıb.

Qeyd edək ki, “Climb Baku” İdman Dırmanma Mərkəzində keçirilən çempionatda 16 yaş və yuxarı qadın və kişi idmançılar çətinlik və bouldering növləri üzrə mübarizə aparırlar. Yarışın ilk iki günündə, oktyabrın 22-23-də idmançılar çətinlik, oktyabrın 24-25-də isə bouldering növü üzrə təsnifat və final mərhələlərində yarışacaqlar.

Çempionat oktyabrın 25-də qaliblərin mükafatlandırılması və rəsmi bağlanış mərasimi ilə yekunlaşacaq.