Oktyabrın 19-da Tbilisidə “Gürcüstan-Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Gürcüstan və Azərbaycan arasında strateji əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, o cümlədən enerji əməkdaşlığı, nəqliyyat və logistika, Orta Dəhliz, ticarət və iqtisadi əlaqələr, eləcə də Cənubi Qafqazda regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, Azərbaycan və Gürcüstan xalqlarını birləşdirən ortaq tarixi dəyərlər və dövlətlər arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm rol oynayır.
Onun sözlərinə görə, ortaq tarixi təcrübə, qarşılıqlı etimad və mehriban qonşuluq münasibətləri Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının möhkəmlənməsi üçün mühüm əsasdır.
Səfir qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında yüksəksəviyyəli qarşılıqlı səfərlər siyasi dialoqun dinamik inkişafını və ikitərəfli əməkdaşlığın genişlənməsini nümayiş etdirir.
İki ölkə arasında iqtisadi əlaqələrə toxunan diplomat deyib ki, Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin 2 milyard dolları keçməsi hədəflənir.
Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,4 milyard dollar təşkil edib.
“Geocase” analitik təşkilatının rəhbəri Viktor Kipiani qeyd edib ki, Gürcüstan ilə Azərbaycan arasında əlaqələr möhkəm təməl üzərində qurulub. Bu iki ölkə regional əməkdaşlığı gücləndirməklə Cənubi Qafqazın rəqabət qabiliyyətinin və iqtisadi potensialının artırılmasında aparıcı rol oynayır.
V.Kipiani Gürcüstan və Azərbaycan arasında azad ticarət zonasının yaradılmasının zəruriliyini qeyd edib.
Politoloq Levan Mamaladze isə bildirib ki, Gürcüstan ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı münasibətlər baxımından unikal nümunə formalaşıb.
Gürcüstanın SIKHAT Təhqiqat Fondunun rəhbəri, siyasi analitik Arçil Sikxarulidze regionda həyata keçirilən enerji layihələrinə diqqət çəkib. Onun sözlərinə görə, enerji və regional əlaqə məsələləri bölgəmizin təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.
O, həmçinin Azərbaycan və Gürcüstan arasında dil, mədəniyyət və adət-ənənələrə qarşılıqlı hörmətin vacibliyini vurğulayıb.
Siyasi analitik Bako Xeladze bildirib ki, bir vaxtlar adi bir layihə kimi baxılan və qlobal miqyasda ciddi təsiri olmayacağı düşünülən Trans-Xəzər Dəhlizi indi ABŞ, Avropa, Çin, Mərkəzi Asiya və digər bir çox böyük, orta və kiçik oyunçuların ciddi marağına səbəb olub.
Corciya Amerika Universitetinin professoru Bakar Berikaşvili, Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov, “Şəffaf Qafqaz” Yenidənqurma və İnkişaf Mərkəzinin rəhbəri Mübariz Qarayev, İctimai Yayımçının “Rəngarəng Gürcüstan” layihəsinin rəhbəri Ramilia Əliyeva, səfirliyin təhsil məsələləri üzrə müşaviri Fuad Çıraqov, politoloq Giorgi Gvimradze və başqaları çıxış edərək iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, o cümlədən Orta Dəhlizin imkanları barədə danışıblar. Mədəniyyət və humanitar sahələrdə həyata keçirilən birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda regional inteqrasiya prosesləri, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.