AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin anadan olmasının 150 illiyinə həsr edilmiş elmi sessiya keçirilib.
Bu barədə institutdan bildirilib. Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxışında tədbirin Azərbaycan Respublikası Prezidentinin “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” 17 sentyabr 2025-ci il tarixli Sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırıb.
Elmi işlər üzrə direktor müavini filologiya elmləri doktoru Baba Məhərrəmli bildirib ki, Fətəli xan Xoyski 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə bir sıra yüksək vəzifələr tutub, o cümlədən Azərbaycan Hökumətinə, həmçinin Xarici İşlər, Daxili İşlər və Ədliyyə nazirliklərinə rəhbərlik edib. O qeyd edib ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön sıralarında olmuş Fətəli xan Xoyskinin Cümhuriyyətin qurulmasında böyük xidmətləri olub və o, həmçinin tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biridir.
Tədbirdə Fətəli xan Xoyskinin həyat və fəaliyyəti, dövlətçilik irsi, siyasi dünyagörüşü və Azərbaycan tarixindəki rolu ilə bağlı məruzələr dinlənilib. İnstitutun Toponimika şöbəsinin müdiri dosent Elçin İsmayılov “Fətəli xan Xoyskinin dövlətçilik fəaliyyəti və Azərbaycan tarixində yeri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Fətəli xan Xoyskinin dövlətçilik fəaliyyətinin əsas istiqamətləri və Azərbaycan tarixində tutduğu mövqe barədə məlumat verilib.
A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Cümhuriyyəti tarixi şöbəsinin əməkdaşı dosent Mübariz Ağalarlının “Fətəli xan Xoyskinin həyatı, siyasi dünyagörüşü və dövlətçilik fəlsəfəsi” mövzusunda məruzəsi dinlənilib. Elmi sessiyada Fətəli xan Xoyskinin siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif aspektləri müzakirə olunub, onun Azərbaycan dövlətçilik tarixindəki irsinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb.