Fici, Tuvalu və Avstraliyanın birgə təşkilatçılığı ilə Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib.

 

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini səsləndirib.

Müraciətdə COP29-a uğurla ev sahibliyi etmiş ölkə olaraq, Azərbaycanın davamlılığın təmin edilməsinə və qlobal iqlim gündəliyinin irəlilədilməsinə sarsılmaz sadiqliyini nümayiş etdirərək bu yüksəksəviyyəli tədbirə qoşulduğu vurğulanır. Qeyd edilir ki, COP tədbiri ilə bağlı təcrübəmiz iqlim fəaliyyətinin nə təxirə salına, nə də təcrid olunmuş şəkildə həyata keçiriləcəyini bir daha təsdiqlədi.

Diqqətə çatdırılır ki, Azərbaycan Xəzər dənizinin səviyyəsinin azalması, su çatışmazlığı və tez-tez baş verən daşqınlar kimi iqlimlə bağlı çağırışlarla üzləşsə də, biz inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) iqlim böhranına ən çox məruz qaldığını qəbul edirik.

Bildirilir ki, Azərbaycan bu böhranın ən ağır nəticələri ilə üzləşən ölkələri səslərinin yalnız eşidilməsini deyil, həm də onların qlobal iqlim siyasətinin formalaşdırılmasına fəal töhfə verməklərinin tərəfdarı olaraq çıxış edib.

“Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik və onların problemlərini beynəlxalq aləmin diqqət mərkəzində saxlamağa çalışdıq”, - deyə müraciətdə qeyd olunur.

Xüsusi vurğulanır ki, 2024-cü ildə Bakıda COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin İqlim Dəyişmələri üzrə Liderlər Sammiti həmin dövlətlərin üzləşdiyi çağırışlar barədə məlumatlılığı artırmaq üçün mühüm platforma rolunu oynadı.

Eyni zamanda, müraciətdə Azərbaycanın çoxtərəfli əməkdaşlıqla yanaşı, inkişaf etməkdə olan kiçik ada dövlətlərini onların milli prioritetlərinə və inkişaf üzrə ehtiyaclarına uyğunlaşdırılmış ikitərəfli əməkdaşlıq vasitəsilə də dəstəklədiyi də diqqətə çatdırılır. Azərbaycanın bu ölkələrdə iqlim dəyişmələri ilə mübarizə sahəsində layihələri dəstəkləmək üçün 5 il müddətində 10 milyon ABŞ dolları məbləğində yardım göstərdiyi bildirilir.

Sonda qeyd olunur ki, Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub və dayanıqlı inkişafa nail olmaq, iqlim dəyişmələri ilə mübarizə aparmaq səylərində onları dəstəkləməyə davam edəcək.