Böyük Britaniya Azərbaycanda həyata keçiriləcək layihələrin maliyyələşdirilməsinə ən azı 5 milyard funt sterlinq həcmində maliyyə dəstəyi göstərə bilər.
Bunu Böyük Britaniyanın Biznes, İnnovasiya, Elm və Ticarət Departamentində dövlət naziri Anas Sarvar Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışı zamanı deyib.
O bildirib ki, mövcud imkanlardan istifadə etməklə Azərbaycanda daha çox layihənin həyata keçirilməsi nəzərdə tutulur.
Anas Sarvarın sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi, konkret layihələrin müəyyənləşdirilməsi və həyata keçirilməsi əsas prioritetlər sırasındadır. Xüsusilə infrastruktur, təmiz enerji və Orta Dəhlizin inkişafı istiqamətində layihələrin maliyyələşdirilməsi üzrə əməkdaşlığın genişləndirilməsi mümkündür.
Nazir tərəflərin mövcud maliyyə imkanlarını konkret layihələrə yönəltmək və əməkdaşlığı praktiki nəticələrlə möhkəmləndirmək niyyətində olduğunu bildirib.