Oktyabrın 10-da Xətai Sənət Mərkəzində etüd əsərlərə ictimai marağın artırılması, naturanın bilavasitə öyrənilməsi, eləcə də onun real simasının dolğun əks etdirilməsinə yanaşmanın inkişaf etdirilməsi məqsədilə peşəkar rəssamlar arasında elan olunmuş plener əsərlər sərgisi açılacaq.

 

Sərgidə mövzu və texnikası sərbəst olan əsərlər nümayiş etdiriləcək.

Sərgiyə 200-ə yaxın peşəkar rəssam tərəfindən 400-dən çox etüd əsəri təqdim olunub. İştirakçılar arasında Belarusdan 2, Qazaxıstandan 2, Finlandiyadan 1, Əlcəzairdən 1 və Hindistandan 1 rəssam da yer alıb.

Qeyd edək ki, seçim zamanı iştirakçıların bir çoxunun iki və daha çox əsəri yüksək bal toplayıb. Lakin sərgidə daha çox fərqli dəst-xəttin təqdim olunması məqsədilə seçimlərin növbəti mərhələsində “bir rəssam – bir əsər” prinsipi tətbiq edilib.

Tədbirə rəng qatmaq məqsədilə qonaq rəssamların əsərləri də sərginin ekspozisiyasına daxil edilib.

Sərgidə nümayiş olunan əsərlər sonradan müəlliflərinə qaytarılacaq. Bundan əlavə, sərgidə əsəri nümayiş olunan iştirakçılara sertifikat təqdim ediləcək.

Sərgi çərçivəsində nümayiş olunan 10 əsərin müəllifi isə etüd turuna dəvət olunacaq.

Sərginin onlayn kataloqu ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.