Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Xankəndi şəhərinə səfər edib.

 

Səfər çərçivəsində nümayəndə heyəti Qarabağ Universitetini ziyarət edib. Qonaqlara universitetin fəaliyyəti, burada yaradılan müasir təhsil infrastrukturu və tələbələr üçün mövcud imkanlar barədə məlumat verilib.

Qarabağ Universitetində keçirilən görüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov da iştirak edib. O, Xankəndidə aparılan tikinti-quruculuq işləri və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı barədə məlumat verib.

Nümayəndə heyəti, həmçinin Zəfər Parkına və Zəfər meydanına baş çəkib. Qonaqlar parkın ərazisi ilə tanış olub, burada Vətən müharibəsində əldə olunan Zəfəri əks etdirən məkan və layihələr barədə məlumatlandırılıblar.

Daha sonra nümayəndə heyəti Ağdam rayonunun Sarıcalı kəndinə yola düşüb.