Görkəmli bəstəkar, Xalq artisti Cahangir Cahangirovun 105 illiyi münasibətilə oktyabrın 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında onun yaradıcılığına həsr olunmuş təntənəli konsert proqramı təqdim ediləcək.
Konsertdə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri və xor qrupu geniş proqramla çıxış edəcək.
Konsertə Mahnı və Rəqs Ansamblının direktor-baş dirijoru, Prezident mükafatçısı Mustafa Aşurov rəhbərlik edəcək.
Proqramda Cahangir Cahangirovun Azərbaycan musiqi xəzinəsində xüsusi yer tutan əsərləri səsləndiriləcək.
Gecədə Xalq artistləri Gülyaz Məmmədova, Elçin Həşimov, Əməkdar artistlər Fərqanə Qasımova, Almaz Orucova, Zakir Əliyev, Elnur Əhmədov, həmçinin Günay İmamverdiyeva, Nurlan Əzizbəyli, Amil Həsənoğlu, İsmayıl Zeynalov və Mədinə Şahgəldiyeva çıxış edəcəklər.
Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri və xor qrupunun təqdim edəcəyi proqram bəstəkarın zəngin yaradıcılıq irsini əhatə edəcək.
Konsertə biletləri şəhərin kassalarından əldə etmək mümkündür.