Azərbaycan çay mədəniyyəti Brüsseldə keçirilən “Brussels Tea Festival 2026” beynəlxalq çay festivalında təqdim olunub.

 

Festivalda Azərbaycanı Fireland Azərbaycanlılar Birliyi təmsil edib. Ölkəmizin Belçikadakı səfirliyinin dəstəyi ilə hazırlanan Azərbaycan stendində ziyarətçilərə ölkənin çay mədəniyyəti, ənənəvi çay süfrəsi və qonaqpərvərlik ənənələri barədə məlumat verilib. Həmçinin müxtəlif çeşidli Azərbaycan çayları, milli şirniyyatlar və mürəbbələr təqdim olunub.

Azərbaycan stendi festivalda böyük marağa səbəb olub. Stendin ziyarətçiləri Azərbaycan çayının müxtəlif çeşidlərini dadmaqla yanaşı, çay süfrəsinin Azərbaycan xalqının gündəlik və ictimai həyatındakı yeri ilə tanış olublar.

Festivalda çay evləri, çay istehsalçıları, keramika ustaları, çay mədəniyyəti ilə bağlı digər şirkət və sənətkarlar daxil olmaqla ümumilikdə 46 sərgi iştirakçısı təmsil olunub. İştirakçılar arasında Belçika, Niderland, Fransa, Yaponiya, Çin, Tayvan, Hindistan, Cənubi Koreya, Almaniya, Çexiya və Şri-Lanka daxil olmaqla müxtəlif ölkələrdən nümayəndələr yer alıb.

Festival proqramında müxtəlif ölkələrin çay mədəniyyətlərinin təqdimatı ilə yanaşı, degustasiyalar, seminarlar, müzakirələr, ustad dərsləri və çay mərasimləri keçirilib.