Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanatlar yayıblar.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Estoniyada fəaliyyət göstərən Azərbaycan Evi, “Birlik” icması, “FC Qarabağ Tallin” komandası, Latviyadakı Azəri Gənclər Təşkilatı, Almaniyada fəaliyyət göstərən Heydər Əliyev adına Dünya Boks Komitəsi, Almaniya Azərbaycanlıları Alyansı, Avstriya Azərbaycanlıları Cəmiyyəti, Avropa Azərbaycan Mərkəzi və İsveç-Azərbaycan Birliyi (SAF) adından yayılan bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən hərbçilərin və mülki şəxslərin xatirəsi dərin ehtiramla yad edilib, müharibə iştirakçılarına cansağlığı arzulanıb.

Vətən müharibəsində şəhid olanların cəsarəti, fədakarlığı və Vətənə sədaqəti minnətdarlıqla xatırlanıb. Bildirilib ki, şəhidlərin qanı bahasına qazanılan tarixi Zəfər ədaləti bərpa etməklə yanaşı, gələcək nəsillər üçün qəhrəmanlıq salnaməsidir və dünya azərbaycanlıları üçün milli ləyaqət və qürur nümunəsinə çevrilib.

Bəyanatlarda müharibə cinayətlərinin bir daha təkrarlanmaması, bütün xalqlara sülh, təhlükəsizlik və qarşılıqlı hörmət arzulandığı qeyd edilib.

Anım Günü ilə bağlı müxtəlif tədbirlər də keçirilib. Almaniyanın Maqdeburq şəhərindəki Azərbaycan Evində yaradılan guşədə Azərbaycanın ərazi bütövlüyünün bərpasını əks etdirən fotolar nümayiş etdirilib, şəhidlərin xatirəsi anılıb.