Azərbaycanın gənclər və könüllü təşkilatları 44 günlük Vətən müharibəsinin 6-cı ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar.

 

Bəyanatda qeyd olunur: “27 Sentyabr - Anım Günü milli yaddaşımızda xüsusi yer tutur. Bu gün biz, Azərbaycanın gənclər və könüllü təşkilatlarının nümayəndələri olaraq, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin hüzn və qürur hissi ilə yad edirik. Gəncə, Bərdə və Tərtər şəhərlərinə endirilən dağıdıcı zərbələr nəticəsində həlak olanlar da daxil olmaqla, bütün günahsız mülki şəxslərin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Qəlbimizdə dərin yaralar açan bu faciələri xatırlayaraq bir daha bəyan edirik ki, belə müharibə cinayətləri heç vaxt unudulmamalıdır”.

Bəyanatda, həmçinin 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində həlledici dönüş nöqtəsi kimi qiymətləndirilib. “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı təxminən 30 il işğal altında olmuş ərazilərimizi azad edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdi və suverenliyimizin tam təmin olunmasına yol açdı. Qarabağ və Şərqi Zəngəzurdakı tarixi torpaqlarımızın azad edilməsi milli zəfər və beynəlxalq hüququn təntənəsi oldu”. Bəyanatda bildirilir ki, müharibədən qalib ayrılan Azərbaycan Ermənistana sülh əlini uzadaraq regional sabitliyə sadiqliyini nümayiş etdirdi. 8 avqust 2025-ci ildə iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin paraflanması ilə tarixi mərhələyə qədəm qoyuldu. Bu mühüm irəliləyiş qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, inkişafı, birbaşa ticarət və nəqliyyat əlaqələrinin qurulması, eləcə də regionun hərtərəfli inkişafı üçün yeni imkanlar yaratdı.

Məcburi köçkünlük və işğal reallıqları ilə böyümüş Azərbaycan gəncləri üçün bu Zəfər qayıdış, yenidənqurma və dirçəliş dövrünün başlanğıcı oldu. Azərbaycan Prezidentinin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bu torpaqlarda həyatın bərpası istiqamətində tarixi missiyanın icrasına başlanıldı. Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdır, gələcək nəsillər üçün dayanıqlı və inkişaf edən icmalar formalaşdırılır.

Azərbaycan gəncləri üçün Böyük Qayıdışın yalnız yenidənqurma prosesi olmadığı, gənclərin təhsil, könüllülük, texnoloji innovasiyalar, yaradıcılıq və ictimai liderlik vasitəsilə bu torpaqların mədəni və iqtisadi dirçəlişində fəal iştirak etdiyi də bəyanatda xüsusi vurğulanıb.

“Bu Anım Günündə ədalətin bərpası naminə ən böyük fədakarlığı göstərmiş qəhrəman hərbçilərimizin və həlak olmuş mülki şəxslərin əziz xatirəsi önündə dərin ehtiramla baş əyirik. Onların irsi milli kimliyimizin ayrılmaz hissəsi olaraq əbədi yaşayacaqdır. İnanırıq ki, onların xatirəsinə göstərə biləcəyimiz ən böyük ehtiram üzərimizə düşən ümumi məsuliyyəti layiqincə yerinə yetirərək firavan, dayanıqlı və birlik içində olan gələcək qurmaqdır”, - deyə bəyanatda bildirilib.