27 Sentyabr – Anım Günü ilə əlaqədar Füzuli rayonu ərazisində şəhidlərin xatirəsinə ucaldılan Daş Abidə ziyarət olunub.

 

Anım Günü çərçivəsində Daş Abidənin önünə əklil və qərənfillər qoyulub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Qeyd edək ki, Füzuli rayonu ərazisində yerləşən bu məkan Vətən müharibəsinin başladığı ilk saatlarda Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarının həyata keçirildiyi və cəbhənin yarıldığı ərazilərdən biri kimi tarixə düşüb. Məhz burada Azərbaycan əsgərləri Vətən müharibəsinin ilk günlərində döyüşlərə atılaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalıblar.

Daş Abidə həmin qəhrəmanların xatirəsini yaşadan məkanlardan biridir. Burada Vətən müharibəsinin ilk günlərində şəhid olan hərbçilərin əziz xatirəsi yad olunub, onların keçdiyi döyüş yolu ehtiramla xatırlanıb. Ziyarət iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən bütün şəhidlərə ehtiramlarını ifadə ediblər.