Çinin paytaxtı Pekində “Ay işığında İpək Yolu: Azərbaycan və Çin musiqi harmoniyasında” adlı konsert proqramı təşkil olunub.

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və ölkəmizin Çindəki səfirliyinin dəstəyi, Xan Şuşinski Fondunun təşkilatçılığı ilə keçirilən konsertdə Azərbaycan və Çin musiqiçiləri çıxış ediblər.

Çin ictimaiyyətinin nümayəndələrinin, diplomatların qatıldığı tədbirdə çıxış edən Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov tarixən İpək Yolunun Şərq ilə Qərbi birləşdirən ticarət yolu olmaqla yanaşı, həm də sivilizasiyalar arasında körpü rolunu oynadığını deyib. Bildirib ki, Azərbaycan və Çin coğrafi baxımdan bir-birindən uzaqda yerləşsə də, məhz İpək Yolu vasitəsilə xalqlarımız arasında mədəni mübadilə yaranıb.

Azərbaycan və Çinin hər birinin əsrlərlə davam edən tarix və mədəni təcrübə nəticəsində formalaşmış son dərəcə zəngin musiqi ənənələrinə malik olduğunu bildirən diplomat, Azərbaycan muğamının, ənənəvi musiqi alətlərinin və klassik musiqi irsimizin dərin və özünəməxsus mədəni kimliyi təcəssüm etdirdiyini, Çinin ənənəvi musiqi alətləri və fərqli melodiyaları ilə zəngin olan qeyri-adi musiqi irsinin dünyanın ən qədim sivilizasiyalarından birinin yaddaşını və bədii fəlsəfəsini özündə yaşatdığını deyib.

Konsertdə Əməkdar artist Toğrul Əsədullayev (kamança), xanəndə Nisbət Sədrayeva və Rüstəm Müslümov (tar) xalq mahnılarımızı, muğamlarımızı, bəstəkarlarımızın əsərlərindən parçaları, o cümlədən “İrəvanda xal qalmadı”, “Şuşanın dağları”, “Sarı gəlin,” “Qarabağ şikəstəsi”ni ifa edib. Bundan başqa, Qao Cialin, Van Ye, Tan Sin, Sin Ron, Can Çienyuan, Can Çen ənənəvi Çin musiqisini təqdim ediblər.

Xan Şuşinski Fondunun rəhbəri, görkəmli muğam ifaçısı Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva bildirib ki, konsert proqramı milli musiqimizin dünyada təbliği istiqamətində həyata keçirilən layihə çərçivəsində baş tutub. O, musiqinin xalqlar arasında körpü rolunu oynadığını, bu cür tədbirlərin həm mədəniyyətimizin dünyada tanıdılması, həm də dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verdiyini deyib.

Bu il Xan Şuşinski Fondunun yaradılmasının 15-ci ildönümü olduğunu qeyd edən Bəyimxanım Cavanşirova-Verdiyeva fondun indiyədək 13 ölkədə Azərbaycan musiqisinin təbliği və təşviqi ilə bağlı tədbirlər keçirdiyini diqqətə çatdırıb.