Görkəmli azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın iştirakçıları Qarabağa səfər proqramı çərçivəsində Şuşa şəhərində də olublar.

 

Əvvəlcə Cıdır düzünə gələn nümayəndə heyəti buradan açılan möhtəşəm mənzərəni seyr ediblər.

Sonra Yuxarı Gövhər Ağa məscidini ziyarət edən nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra şəhərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşanın tarixi-mədəni irsinin bərpası və qorunması istiqamətində də mühüm işlər görülüb.

Məlumat verilib ki, qədim Şuşada 17 məhəllə olub. Hər məhəllədə hamam, məscid və bulaq var idi. Qədim məhəllələrdəki tarixi-memarlıq nümunəsi olan bu tikililər, o cümlədən məscidlər də erməni vandalizminə məruz qalıb. Şəhər işğaldan azad olunduqdan sonra Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı, Mamayı və Çöl Qala məscidləri bərpa olunub, Yeni Şuşa məscidinin inşasına başlanılıb.

Konfrans iştirakçıları sonda tikintisi aparılan Yeni Şuşa məscidi ilə tanış olublar.