“Euronews” telekanalı Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin artan əhəmiyyəti və Azərbaycanın bu marşrutda oynadığı strateji rol barədə reportaj yayımlayıb.

 

AZTV.AZ xəbər verir ki, reportajda Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz üzərindən keçən Orta Dəhlizin regional nəqliyyat marşrutundan Asiya ilə Avropa arasında qitələrarası ticarət əlaqəsinə çevrildiyi vurğulanıb. Bildirilir ki, əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə Azərbaycan bu multimodal nəqliyyat şəbəkəsində mühüm tranzit mərkəzlərdən birinə çevrilib.

Reportajda “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov fikirlərinə yer verilib. O bildirib ki, beynəlxalq tələbatın artması ilə Orta Dəhliz getdikcə daha çox ticarət dəhlizinə çevrilir. Emil Məmmədov, həmçinin yükdaşımaların izlənməsi, marşrut üzrə koordinasiyanın təkmilləşdirilməsi və logistika proseslərinin səmərəliliyinin artırılmasında rəqəmsal həllərin mühüm rol oynadığını vurğulayıb.

Həmçinin reportajda Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Ümumi yüklər terminalının rəisi Azad Xurşudzadənin fikirləri yer alıb. O, “Orta Dəhliz”in inkişafı, limanın marşrut üzrə əhəmiyyəti, artan yük həcmləri və terminalın bu artan tələbatın qarşılanmasında rolundan bəhs edib. Eyni zamanda, limanın imkanlarının genişləndirilməsi və yükdaşımaların səmərəli təşkili istiqamətində görülən işlər barədə məlumat verib.

Reportajda Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun inkişafına, xüsusilə Bakı Limanının imkanlarının genişləndirilməsinə diqqət çəkilib. Qeyd olunub ki, Bakı Limanında yük dövriyyəsinin həcmi 2025-ci ildə 40 faiz artıb ki, bu da Orta Dəhliz üzrə yük axınının və marşruta beynəlxalq marağın artdığını nümayiş etdirir.