"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2025-ci ili 1,304 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, İdarə 2024-cü ildən 1,193 milyon manat xalis zərərlə çıxmışdı.
Ötən il "İçərişəhər"in əsas əməliyyat (satışdan) gəlirləri 6,29 milyon manat (əvvəlki ilə nisbətən 18,5 % çox), əsas əməliyyat xərcləri (satışının maya dəyəri) 4,164 milyon manat (12,8 % az), subsidiya gəlirləri 7,633 milyon manat (27,7 % az), köhnəlmə və amortizasiya xərcləri 1,725 milyon manat (1,6 % çox), işçi heyəti üzrə xərcləri 5,4 milyon manat (36,7 % az), ümumi inzibati xərcləri 786 min manat (40,3 % az), material xərcləri 248 min manat (9,25 % çox), digər əməliyyat xərcləri 1 min manat (45,1 dəfə az), mənfəət vergisi ödəmələri isə 294 min manat (35,3 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "İçərişəhər"in aktivləri 197,814 milyon manat olub ki, bu da illik müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə İdarənin öhdəlikləri 46,8 % azalaraq 555 min manata, balans kapitalı isə 2,8 % artaraq 197,258 milyon manata çatıb.
Xatırladaq ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Prezident İlham Əliyevin 10 fevral 2005-ci il tarixli sərəncamı ilə yaradılıb, 16 may 2007-ci il tarixində isə qurumun əsasnaməsi təsdiq edilib. Onun nizamnamə kapitalı 1 milyon manatdır.