Qarabağ Dirçəliş Fondu 2025-ci il 31 dekabr tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditor “PwC Azərbaycan” şirkətinin müvafiq dövr üzrə apardığı audit yoxlamasına dair hesabatını (rəyini) dərc edib.
Fondun maliyyə hesabatları 2025-ci il 31 dekabr tarixinə maliyyə vəziyyəti, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatları, habelə mühüm uçot siyasəti prinsipləri və digər izahedici məlumatlar daxil olmaqla, maliyyə hesabatlarına dair qeydləri əhatə edir.
Fondun Müşahidə Şurasının müvafiq qərarı ilə kənar auditor təyin edilən “PwC Azərbaycan” şirkəti tərəfindən Qarabağ Dirçəliş Fondunun 2025-ci il 31 dekabr tarixinə maliyyə hesabatına dair 2026-cı il 22 may tarixli rəydə qeyd olunub: “Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Qarabağ Dirçəliş Fondu”nun (“Fond”) 2025-ci il 31 dekabr tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini MHBS Uçotu Standartlarına uyğun olaraq düzgün əks etdirir”.
Qeyd edilib ki, Müşahidə Şurasının digər müvafiq qərarı ilə auditorun rəyi qəbul olunub.
Məlumata görə, 2025-ci il ərzində Qarabağ Dirçəliş Fonduna ümumilikdə 53 milyon 868 min 439 manat ianə daxil olub. 2025-ci ildə qeydə alınan azalmadan sonra 2026-cı ilin ilkin göstəriciləri ianə daxilolmalarının yenidən artım dinamikasına keçdiyini nümayiş etdirir. Bu tendensiyanın növbəti il üzrə audit olunmuş maliyyə hesabatlarında öz əksini tapacağı bildirilib.
Eyni zamanda, fond investisiya fəaliyyəti çərçivəsində 2025-ci il ərzində ümumilikdə 96 milyon 911 min 491 manat maliyyə gəliri əldə edib. Bunun 88 milyon 302 min 802 manatı borc qiymətli kağızlar üzrə, 8 milyon 608 min 689 manatı isə banklarda gündəlik gəlirli hesablarda yerləşdirilmiş vəsaitlər üzrə faiz gəlirlərinin payına düşüb.
Əldə olunan maliyyə gəlirləri əvvəlki ilin göstəricisi ilə müqayisədə 29,94 faiz artıb. Nəticədə maliyyə gəlirlərinin fondun il üzrə ümumi gəlirlərində payı 48,16 faizdən 64,27 faizə yüksəlib.
Bununla da, 2025-ci il 31 dekabr tarixinə fondun cəmi aktivlərinin həcmi 7,5 faiz, yaxud 122,1 milyon manat artaraq 1 milyard 739 milyon 869 min 260 manata çatıb.
2025-ci il ərzində ümumi, inzibati və sair əməliyyat xərclərində müşahidə olunan artımın bərpa və yenidənqurma işlərinə yönəldilən dəstəyin həcminin genişlənməsi, habelə fandreyzinq və kommunikasiya fəaliyyətinin intensivləşməsi ilə bağlı olduğu bildirilib.
Bununla yanaşı, 2025-ci il üçün fondun hesablanmış mənfəət vergisi xərci 19 milyon 180 min 494 manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 4 milyon 584 min 472 manat, yaxud 31,41 faiz çoxdur. Qeyd olunub ki, ianələr mənfəət vergisinə cəlb edilmir və vergi yalnız fondun investisiya fəaliyyətindən əldə etdiyi gəlirlərdən hesablanır.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2025-ci il üzrə açıqladığı siyahılara əsasən, Qarabağ Dirçəliş Fondu ölkənin 100 ən böyük vergi ödəyicisi sırasında hər iki istiqamət üzrə yer alıb. Belə ki, fond dolayı vergilər (ƏDV və aksizlər) istisna olmaqla hesablanan vergi öhdəlikləri üzrə 43-cü, ödənilmiş vergilərin ümumi məbləği üzrə isə 74-cü pillədə qərarlaşıb.
Qarabağ Dirçəliş Fondunun hesabatları və auditorun rəyi ilə fondun rəsmi internet saytında Azərbaycan və ingilis dillərində tanış olmaq mümkündür. Azərbaycan dilində: https://qdf.gov.az/media/files/article/255/MHBS-uygun-Maliyye-Hesabatlari-ve-Musteqil-Auditorun-Hesabati-2025.pdf
İngilis dilində: https://qdf.gov.az/media/files/article/513/IFRS-Financial-Statements-and-Independent-Auditor-s-Report-2025.pdf
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondunun Nizamnaməsinə əsasən, fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Bu standartlara uyğun olaraq, fondun kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək Müşahidə Şurasının əsas vəzifələrindən biridir.