23 avqust 2026-cı ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının 3-cü İclası keçirilib. İclasın sonunda dövlət başçıları tərəfindən Ali Dövlətlərarası Şuranın 3-cü İclasının Qərarı imzalanıb.
Qərarda dövlət başçılarının ənənəvi qarşılıqlı anlaşma və yüksək etimad mühitində ikitərəfli gündəliyin bütün məsələləri üzrə məzmunlu və məhsuldar danışıqlar apardığı, müttəfiqlik münasibətlərinin mövcud vəziyyəti və daha da möhkəmləndirilməsi perspektivləri, eləcə də regional və beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi apardığı bildirilir, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilənin, eləcə də müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanmasının hərtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, regional və beynəlxalq gündəliyin əsas məsələləri üzrə səylərin əlaqələndirilməsi, eləcə də iki dövlətin və onların xalqlarının rifahı və çiçəklənməsi naminə birgə layihələrin həyata keçirilməsi üçün möhkəm hüquqi əsas yaratdığı qeyd olunur.
Sənəddə həmçinin vurğulanır ki, dövlət başçıları Azərbaycan Respublikasının və Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşləri çərçivəsində Azərbaycan ilə Özbəkistan arasında konstruktiv qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirir, bu formatın regional dialoqun möhkəmləndirilməsində və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını, Azərbaycanın da bu formatda iştirakının regional strateji qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə, ümumi etimad, mehriban qonşuluq və çiçəklənmə məkanının formalaşmasına töhfə verdiyini qeyd edirlər.
Qərarda yuxarıda qeyd olunanlar nəzərə alınaraq, dövlət başçılarının aşağıdakı sahələrdə tapşırıqlar verdiyi vurğulanır:
Siyasi sahədə:
- İkinci Azərbaycan-Özbəkistan ikitərəfli parlamentlərarası forumunun, eləcə də AR Milli Məclisi ilə Özbəkistan Ali Məclisi arasında parlamentlərarası əməkdaşlıq üzrə Komissiyanın Birinci iclasının təşkili
- Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, eləcə də digər beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi
Ticarət-iqtisadi və investisiya sahələrində:
- Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə Proqramın həyata keçirilməsinin təmin edilməsi
- Özbək şirkətlərinin Azərbaycanda, o cümlədən azad edilmiş ərazilərdə investisiya və infrastruktur layihələrinin həyata keçirilməsinə cəlb edilməsi üzrə işin davam etdirilməsi, eləcə də üçüncü ölkələrdə birgə layihələrin təşviqinə köməklik göstərilməsi
- Azərbaycan şirkətlərinin Özbəkistanda sənaye, infrastruktur, tikinti, dağ-mədən, energetika, kənd təsərrüfatı və iqtisadiyyatın digər prioritet sahələrində investisiya layihələrinin həyata keçirilməsinə cəlb edilməsi üzrə işin davam etdirilməsi
Tranzit-nəqliyyat sahəsində:
- İki ölkənin ərazisindən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin və tranzit potensialının, eləcə də yükdaşımaların həcminin artırılmasına yönəlmiş tədbirlərin, həmçinin gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlığın davam etdirilməsi
Kənd təsərrüfatı sahəsində:
- İki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin daha da artırılması məqsədilə əməkdaşlığın aktivləşdirilməsi, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən birgə elmi tədqiqatların inkişafı və qabaqcıl təcrübə mübadiləsi üzrə işin davam etdirilməsi
Energetika sahəsində:
- Neft-qaz sahəsində əməkdaşlığın, bundan başqa Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə qarşılıqlı fəaliyyətin davam etdirilməsi, eləcə də bərpa olunan enerji mənbələri və enerji resurslarından səmərəli istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə təcrübə mübadiləsi və birgə təlim də daxil olmaqla əməkdaşlığın davam etdirilməsi
Mədəni-humanitar sahədə:
- İki ölkə arasında mədəni və qastronomiya turizminin inkişafı üzrə qarşılıqlı fəaliyyətin genişləndirilməsi, bu ölkələrin maddi və qeyri-maddi mədəni irsinin, o cümlədən tarixi-mədəni irs obyektlərinin, ənənəvi sənətkarlığın, musiqinin, folklorun, milli adət və ənənələrin qorunması, bərpası və təbliği sahəsində əməkdaşlığın inkişaf etdirilməsi
- 2026-cı ilin ikinci yarısında Özbəkistanda “Azərbaycan Mədəniyyəti Günləri”nin təşkil edilməsi
- Növbəti illərdə Üçüncü Azərbaycan-Özbəkistan Media Forumunun, həmçinin Azərbaycan və Özbəkistan QHT-lərinin Əməkdaşlıq üzrə Üçüncü Forumunun keçirilməsi, eləcə də 2027-ci ildə QHT-lər üçün növbəti birgə qrant müsabiqəsinin elan edilməsi ilə bağlı müvafiq işlərin həyata keçirilməsi
- 2026-cı ilin sonunadək Xankəndi şəhərində Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri rektorlarının İkinci forumunun təşkil edilməsi
- 2026-cı ilin sonunadək “Study in Uzbekistan” layihəsi çərçivəsində Özbəkistanın ali təhsil müəssisələrinin sərgisinin təşkili imkanının nəzərdən keçirilməsi
- İki ölkənin təhsil və elmi müəssisələri arasında birbaşa əlaqələrin qarşılıqlı əsasda tədbirlər, müsabiqələr, festivallar və yarışların keçirilməsi yolu ilə inkişaf etdirilməsi
- Gənclər siyasəti sahəsində əməkdaşlıq təcrübə mübadiləsinin, birgə proqram və layihələrin həyata keçirilməsi, iki ölkənin gənclər təşkilatları və qurumları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi
Qərarda dövlət başçılarının Daşkənd şəhərində Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetinin yeni binasının açılışını alqışladığı da qeyd olunur.