Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”na uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi prosesi davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə bu il mayın 26-da kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan edilib, iyulun 10-da sənəd qəbulu başa çatıb. Ümumilikdə müsabiqədə iştirak üçün 98 subyekt müraciət ünvanlayıb.
Dördüncü investisiya müsabiqəsi ilə bağlı avqustun 7-də investisiya komissiyasının iclası keçirilib, müsabiqənin iştirakçıları və qalibləri müəyyən olunub. Müsabiqə iştirakçısı hesab edilən sahibkarlıq subyektləri sms vasitəsilə məlumatlandırılıb və qalib elan edilmiş sahibkarlıq subyektlərinin məlumatlandırılması prosesi mərhələli şəkildə davam etdirilir.