“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov Çin Media Korporasiyasının Dublyaj Mərkəzinin direktoru Van Lu, Tərcümə şöbəsi direktorunun müavini Yu Yu, Xarici Təbliğat şöbəsinin direktor müavini Sun Tsyuan, baş mütəxəssis Tsin Tsin və Avrasiya Bürosunun Direktorlar Katibliyinin rəhbəri Syuy Hunbo ilə görüş keçirib.

Görüşdə AzTV-nin fəaliyyəti, layihələri, sənədli filmləri və dublyaj imkanları barədə məlumat verilib. Rövşən Məmmədov Azərbaycan və Çin media qurumları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Tərəflər təcrübə mübadiləsi, birgə layihələr, həmçinin cizgi filmləri və tarixi sənədli filmlərin qarşılıqlı dublyajı və nümayişi imkanlarını müzakirə ediblər. Görüşdə gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, İrsin qoruyucusu” adlı film Çinin tarixi-mədəni irsinin qorunmasından bəhs edir və avqustun 14-də Mədəniyyət kanalında yayımlanacaq. Qeyd edək ki, Azərbaycan Televiziyası 7 ildir Çin Media Qrupuna daxil olan CGTN ilə sıx əməkdaşlıq edir və kanalın yaratdığı beynəlxalq kontent mübadiləsi platforması – Hovuz”un fəal üzvüdür. Bu müddətdə qarşılıqlı material mübadiləsi və ekspert bağlantıları həyata keçirilib.