"Cənub Qaz Dəhlizi" QSC (SGC) 2025-ci ili 1 milyard 630,854 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub.

Səhmdar cəmiyyətinin maliyyə hesabatına əsasən, bu, 2024-cü illə müqayisədə 4,7 % azdır.

Ötən il SGC-nin əməliyyat gəlirləri 2 milyard 986,204 milyon ABŞ dolları (əvvəlki ilə nisbətən 8,1 % az), satışının maya dəyəri 680,461 milyon ABŞ dolları (3,5 % az), ümumi-inzibati xərcləri 428,328 milyon ABŞ dolları (0,4 % az), nəqletmə xərcləri 167,424 milyon ABŞ dolları (10,6 % az), digər gəlirləri 79,304 milyon ABŞ dolları (29 % az), faiz gəlirləri 186,738 milyon ABŞ dolları (20,9 % çox), maliyyə xərcləri 268,111 milyon ABŞ dolları (31,3 % az), asılı müəssisələrdən gəlirləri 80,844 milyon ABŞ dolları (11,5 % çox), məzənnə fərqindən gəlirləri 1,072 milyon ABŞ dolları (31,8 % az), mənfəət vergisi ödəmələri isə 158,984 milyon ABŞ dolları (4,3 % az) təşkil edib.

Bu il yanvarın 1-nə SGC-nin aktivləri 14 milyard 615,443 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 8,2 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 1,4 % artaraq 5 milyard 511,79 milyon ABŞ dollarına düşüb, balans kapitalı isə 12,8 % artaraq 9 milyard 103,653 milyon ABŞ dollarına çatıb.

Xatırladaq ki, SGC ölkə Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının II mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 25 fevral 2014-cü il tarixli sərəncamı ilə,"Şahdəniz" qaz-kondensat yatağının tam miqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dollarıdır. Şirkətin səhmlərinin 51%-i İqtisadiyyat Nazirliyinə, 49%-i isə Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.