Ölkəmizdə səfərdə olan Türkiyənin media nümayəndələri İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının fəaliyyəti ilə tanış olublar.
İZİA-dan bildirilib ki, onlar sənaye parkında həyata keçirilən layihələr, investorlar üçün yaradılan imkanlar barədə məlumatlandırılıblar.
Qeyd edilib ki, Sənaye Parkında ümumi investisiya həcmi 300 milyon manata yaxın olan 30 sahibkarlıq subyektinə rezident, 4 sahibkara isə qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən indiyədək Sənaye Parkına 177 milyon manatdan çox investisiya yatırılıb, 1230 daimi iş yeri yaradılıb. Hazırda Parkda 12 müəssisə fəaliyyət göstərir, 12 müəssisənin tikintisi davam edir, daha 10 müəssisənin isə layihələndirilməsi işləri görülür.
Qeyd olunub ki, Ağdam Sənaye Parkında tikinti materialları, metal məmulatları, elektrik paylayıcı avadanlıqlar, dam və fasad örtükləri, divar kağızları, xüsusi təyinatlı işçi ayaqqabıları, beton yarımstansiyaları və digər məhsullar istehsal edilir. 2026-cı ilin ilk altı ayı ərzində parkın rezidentləri tərəfindən 976 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 42 milyon manatlıq hissəsi ixracın payına düşüb.
Səfər çərçivəsində Türkiyənin media nümayəndələri Parkda fəaliyyət göstərən müəssisələrdə istehsal prosesi ilə tanış olublar.