Hər il iyulun 30-u dünyanın bir çox ölkəsində Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü kimi qeyd olunur.
Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən 2013-cü ildə qəbul edilmiş A/RES/68/192 saylı qətnamə ilə təsis edilib. Məqsəd insan alveri qurbanlarının vəziyyəti barədə ictimai məlumatlılığı artırmaq, onların hüquqlarını təşviq etmək və qorumaqdır.
İnsan alveri ağır cinayət və insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Hər il minlərlə kişi, qadın və uşaq həm öz ölkələrində, həm də xaricdə insan alverçilərinin qurbanına çevrilir. Mənşə, tranzit və ya təyinat ölkəsi olmasından asılı olmayaraq, dünyanın bütün ölkələri bu problemdən əziyyət çəkir.
Qul – bütün hüquqlarından məhrum edilmiş və başqa bir şəxsdən tam asılı vəziyyətdə olan insandır. Əslində, qul sahibinin mülkiyyəti hesab olunan bir əşyaya çevrilir. Bu anlayışlar insanlara hələ məktəb illərindən, tarix dərslərində quldarlıq cəmiyyətləri öyrədilərkən tanış olur. Qulun hüquqsuzluğu quldara onunla öz mülkiyyəti kimi davranmağa imkan verirdi. Bu isə qulun pulsuz əməyindən istifadə etmək, onu almaq, satmaq, dəyişmək və ya azad etmək hüququnu doğururdu.
Quldarlıq dövrü tarixdə qalsa, köləlik və qul ticarəti bütün dünya tərəfindən qeyri-insani və cinayət hesab edilsə də, bu gün də insan alveri problemi öz aktuallığını qoruyur. Sadəcə olaraq, bu cinayət fəaliyyəti hüquqi əsasını itirərək gizli kriminal müstəviyə keçib.
Hazırda dünyanın bir sıra bölgələrində məcburi əməyin istismarı kütləvi xarakter alıb ki, bunu BMT-nin statistik məlumatları da təsdiqləyir. Beynəlxalq Əmək Təşkilatının qiymətləndirməsinə görə, dünyada təxminən 21 milyon insan məcburi əməyin qurbanıdır. İnsan alverinin qurbanları ən çox cəmiyyətin ən həssas təbəqələri – qadınlar və uşaqlar olur.
Məcburi əməyin ən geniş yayıldığı bölgələr Yaxın Şərq və Afrika hesab edilir. Bu regionlarda köləliyə düşənlər arasında Avropa və postsovet ölkələrindən olan insanlar da az deyil. Yaxın Şərqdə siyasi vəziyyətin qeyri-sabitliyi girov götürmə, əsirlik və adam oğurluğu hallarının adi həyat hadisəsinə çevrilməsinə səbəb olur, bu da vəziyyətə nəzarəti son dərəcə çətinləşdirir.
Son illərdə insan alverinin yeni və sürətlə yayılan formalarından biri də transmilli mütəşəkkil cinayətkar qrupların insanlardan genişmiqyaslı maliyyə fırıldaqları məqsədilə istifadə etməsidir. Onlar xaricdə qanuni iş vəd edən vakansiya elanları vasitəsilə qurbanları cəlb edirlər. İnsanlar real iş tapdıqlarını düşünərək başqa ölkəyə yollanırlar, lakin nəticədə böyükhəcmli onlayn fırıldaqçılıq əməliyyatlarının həyata keçirildiyi mərkəzlərdə əsir vəziyyətinə düşürlər. Bu istismar forması kibercinayətkarlıq, maliyyə dələduzluğu, çirkli pulların yuyulması və korrupsiya ilə sıx bağlıdır ki, bu da mütəşəkkil cinayətkarlığın müxtəlif növlərinin getdikcə daha sıx əlaqələndiyini göstərir.
Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü təsis edilməzdən əvvəl də BMT Baş Assambleyası bu bəlanın aradan qaldırılması üçün xüsusi Qlobal Fəaliyyət Planı hazırlayıb. Plan bütün dünyanın səylərini köləlik və insan alverinin aşkarlanması və qarşısının alınması istiqamətində birləşdirməyi, həmçinin köləlikdən zərər çəkmiş insanlara yardım göstərilməsini nəzərdə tutur.
Xüsusi diqqət cinsi istismarın qurbanı olmuş qadın və uşaqların, eləcə də məcburi orqan çıxarılması kimi dəhşətli cinayətlərdən zərər çəkmiş insanların reabilitasiyasına yönəldilir. Həmin məqsədlə problemin ciddiliyini anlayan və BMT-nin İnsan Alverinə Qarşı Qlobal Fəaliyyət Planının həyata keçirilməsində iştirak etməyə hazır olan dövlətlərin ianələri hesabına maliyyələşən Xüsusi Etimad Fondu yaradılıb.
İctimai məlumatlılığı artırmaq məqsədilə BMT “Mavi Ürək” (Blue Heart) kampaniyasına start verib. Bu, insan alverinə qarşı mübarizə üzrə qlobal təşəbbüsdür. Kampaniyanın məqsədi beynəlxalq təşkilatlar, hökumətlər, vətəndaş cəmiyyəti institutları, özəl sektor və ayrı-ayrı şəxslər tərəfindən insan alverinə qarşı həyata keçirilən tədbirlərə ictimai dəstəyi səfərbər etməkdir. Hər il “Mavi Ürək” insan alverinə qarşı mübarizənin daha geniş tanınan beynəlxalq simvoluna çevrilir. O, qurbanların kədərini ifadə edir və insanın insana qarşı amansızlığını xatırladır.
Hər il bu gün çərçivəsində keçirilən tədbirlər BMT tərəfindən müəyyən edilən xüsusi bir mövzuya həsr olunur. 30 iyul tarixində BMT-nin Baş katibi dünya ictimaiyyətinə müraciət edərək köləlik və insan alverinə qarşı mübarizəyə çağırış edir. Müxtəlif ölkələrdə məcburi əmək və insan alveri problemlərinə həsr olunmuş seminarlar, konfranslar və digər tədbirlər keçirilir. Foto sərgiləri insanlara köləliyin qurbanlarını öz gözləri ilə görmək imkanı yaradır, jurnalistlərə və fotomüxbirlərə isə problemin miqyasını daha aydın şəkildə cəmiyyətə çatdırmağa kömək edir. Bu mövzu son dərəcə aktualdır. Çünki məcburi əməyin tətbiq olunduğu mərkəzlər uzaqda yerləşsə belə, insan alverinin qurbanına çevrilmək riski kifayət qədər yüksəkdir və bu gün təhlükəsizliyi hətta uzun illər ən sakit və sabit hesab edilən dövlətlərdə belə tam təmin etmək mümkün deyil.
Bu ilin mövzusu “Dələduzluğun arxasında tələyə düşənlər” adlanır və onlayn dələduzluq əməliyyatlarında insanların məcburi cinayət fəaliyyətinə cəlb olunması məqsədilə həyata keçirilən insan alverinə diqqət çəkir.