Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir. İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Serbiyada müəyyən edilən daha bir şəxsin iyulun 19-da nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

 

Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsə yalan vədlər verməklə ona külli miqdarda – 90 milyon 869 min 964 manat məbləğində ziyan vurmaqla dələduzluq etməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səbuhi Elburus oğlu Məmmədovun yeri Serbiyada müəyyən olunub və o, həbs edilib.

Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu, dövlətimizin beynəlxalq nüfuzunu və Serbiyanın ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyir.

Səbuhi Elburus oğlu Məmmədov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Serbiyanın Belqrad şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridaxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.