Azərbaycanın mədəniyyət paytaxtı Şuşa yenidən Qlobal Media Forumuna ev sahibliyi edir. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspertlər, rəsmi şəxslər təmsil olunurlar.

 

İki gün davam edəcək Forum çərçivəsində media və rəqəmsal transformasiya, dezinformasiyaya qarşı mübarizə, süni intellektin jurnalistikaya təsiri, etibarlı informasiya mühitinin formalaşdırılması, böhran dövründə medianın rolu və sülhün təşviqində informasiya siyasətinin əhəmiyyəti kimi aktual mövzular ətrafında panel müzakirələri, interaktiv sessiyalar və fikir mübadilələri keçiriləcək.

Forum qlobal media nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi, peşəkar təcrübə mübadiləsinin təşviqi və müasir informasiya mühitində qarşıya çıxan çağırışların birgə müzakirəsi üçün mühüm beynəlxalq platforma rolunu oynayır.

Qeyd edək ki, 2022-ci ildə ilk dəfə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirilib. Sonrakı illərdə bu təşəbbüs Şuşa Qlobal Media Forumu formatında davam etdirilib. Belə ki, 2023-cü ildə keçirilən 1-ci Şuşa Qlobal Media Forumu “4-cü Sənaye İnqilabı dövründə Yeni Media”, 2024-cü ildə baş tutan 2-ci Şuşa Qlobal Media Forumu “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə”, 2025-ci ildəki 3-cü Şuşa Qlobal Media Forumu isə “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzularına həsr olunub.

İndiyədək 81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsini, ekspert və rəsmi şəxsi bir araya gətirən Şuşa Qlobal Media Forumu qlobal media gündəliyinin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan biri kimi öz mövqeyini möhkəmləndirib.