Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iyunun 22-23-də Azərbaycana səfəri uğurlu olub. Həmçinin iki ölkənin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb.

 

Bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun sədrliyi ilə cari ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə bildirilib.

Qeyd edilib ki, cari ilin ikinci yarısında “Avaza” milli turizm zonasında dövlət başçılarının Zirvə Görüşünün və beynəlxalq əhəmiyyətli digər tədbirlərin keçirilməsi planlaşdırılır. Müşavirədə Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının Məşvərət Görüşünün təşkili üçün lazımi hazırlığın zəruriliyi vurğulanıb.

Müşavirədə geniş nitq söyləyən Prezident Sərdar Berdiməhəmmədov qeyd edib ki, müstəqil Türkmənistan müsbət neytrallıq hüquqi statusuna riayət edərək, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan sülhsevər “açıq qapılar” siyasətini həyata keçirir. Bununla əlaqədar olaraq, dövlət başçısı diqqəti dünya ölkələri ilə siyasi-diplomatik, iqtisadi-ticari, mədəni-humanitar və elmi-təhsil sahələrində məhsuldar tərəfdaşlığın daha da inkişaf etdirilməsinin və beynəlxalq strukturlarla səmərəli qarşılıqlı fəaliyyətin vacibliyinə yönəldib.

Prezident Berdiməhəmmədov qeyd edib ki, bu il bir sıra beynəlxalq siyasi tədbirlərin keçirilməsi planlaşdırılır. O, Nazirlər Kabineti sədrinin müavini və xarici işlər nazirinə ölkədə planlaşdırılan beynəlxalq tədbirlərə hazırlıq işlərinə başlamağı və onların yüksək səviyyədə təşkilini təmin etməyi tapşırıb.