Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri mentorlar tərəfindən təqdim olunan birillik fərdi inkişaf planının icrasına başlayıblar.

 

Bu barədə “Yüksəliş” müsabiqəsinin işçi qrupundan məlumat verilib. Bildirilib ki, müsabiqənin işçi qrupu tərəfindən mentorlar və qaliblər arasında bölgü aparılıb və proqramın icrasına başlanılıb. Müsabiqə qaydalarına əsasən, 20 qalib bir il müddətində Mentorluq Proqramında iştirak edəcək, ölkənin müxtəlif sahələrini təmsil edən idarəçi rəhbərlərin təcrübəsindən yararlanmaq imkanı əldə edəcək. Proqram çərçivəsində hər bir qalib üç fərqli idarəçi rəhbərin mentorluğu ilə bilik və bacarıqlarını sistemli şəkildə inkişaf etdirəcək.

Qeyd edək ki, bölgüyə əsasən beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Numrəddin Hüseynov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, Milli Məclisin deputatı Şahin Seyidzadə və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ilə 1 il müddətində Mentorluq Proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.