Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının Baş katibi Alen Berse, Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.

Avropa Şurasının Baş katibi Ermənistanla Azərbaycan arasında əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı Vaşinqton görüşündə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasına, iki ölkə arasında münasibətlərin normallaşmasına dair sazişin paraflanmasına və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Vaşinqton Bəyannaməsinin əhəmiyyətinə toxunuldu. Bütün bunların regionda davamlı sülhün təmin olunması baxımından vacibliyi qeyd edildi.
Alen Berse Avropa Şurasının regional sülh gündəliyini dəstəklədiyini vurğuladı.
Avropa Şurasının Baş katibi COP29 dövründə Azərbaycana səfərini, həmin vaxt və digər beynəlxalq tədbirlər çərçivəsində dövlətimizin başçısı ilə görüşlərini məmnunluqla xatırladı.
Görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
* * *

Yunanıstanın Baş naziri Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Vaşinqtonda keçirilmiş tarixi görüş münasibətilə təbriklərini çatdırdı, əldə olunmuş nailiyyətlərin regional sülhün gücləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi. Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev Vaşinqtonda keçirilmiş görüşün Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması baxımından önəminə toxundu və bu prosesdə ABŞ Prezidenti Donald Trampın mühüm rolunu qeyd etdi. Vaşinqton görüşündə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat dəhlizinin yaradılmasına dair əldə olunmuş razılaşmanın regional bağlantılar baxımından mühüm əhəmiyyət daşıdığı vurğulandı.
Söhbət zamanı Azərbaycanla Yunanıstan arasında enerji sahəsində uğurlu əməkdaşlıq qeyd edildi, iqtisadiyyat, ticarət və turizm sahələrində əlaqələrin genişləndirilməsinin, Hökumətlərarası Komissiyanın fəaliyyətinin canlandırılmasının vacibliyinə toxunuldu.
* * *
.jpg)
İraq Prezidenti dövlətimizin başçısına Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin irəli aparılması, xüsusilə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair sazişin paraflanması münasibətilə təbriklərini çatdırdı.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi və Azərbaycanın bundan sonra da sülh gündəliyinin irəli aparılması üçün səylərini davam etdirəcəyini dedi. Dövlətimizin başçısı Vaşinqtonda nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu vurğuladı.
Söhbət zamanı İraq Prezidentinin Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər məmnunluqla xatırlandı.
Görüşdə Azərbaycanla İraq arasında münasibətlərin inkişaf etdirilməsində Hökumətlərarası Komissiyanın roluna toxunuldu, enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Həmçinin ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.