Azərbaycanın xarici siyasətində səmimilik, açıqlıq və dürüstlük ən başlıca keyfiyyətlər kimi diqqət çəkir. Rəsmi Bakı bütün məsələlərdə mövqeyini aydın, birmənalı ifadə edir, səsləndirilən hər bir fikir ciddi arqumentlərə, əməli addımlara söykənir. Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirini qəbul edərkən Azərbaycan Prezidentinin çıxışında bu siyasətin təzahürləri aydın müşahidə olunurdu.

İxtisasca diplomat olan, dünyanın ən nüfuzlu ali məktəblərindən birində 5 il diplomat yetişdirən, siyasi etiket qaydalarını yüksək səviyyədə bilən və daim bu qaydalara riayət etməklə nümunə göstərən Prezident İlham Əliyev bütün diplomatik təmaslarda həm də milli maraqlara söykənən qətiyyət nümayiş etdirir. Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosla dialoqda dövlətimizin başçısı Azərbaycanın diplomatik münasibətlərdəki açıq siyasətini də bir daha nümayiş etdirdi:
“Açığını desək, düşünürəm ki, son bir neçə il aramızda çox aşağı səviyyədə əməkdaşlıq illəri olub. Əvvəlki vaxtlarda bizim daha fəal təmaslarımız olub. Cənab səfir, mən sizinlə açıq danışacağam. Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin, zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək”.

Prezident İlham Əliyev görüşdə iki ölkə arasında mövcud olan problemləri açıq mətnlə ifadə etdi, bu kontekstdə xüsusilə üç məqam üzərində dayandı.

Birincisi, Yunanıstanın qaz şirkəti “DESFA”nın satışı ilə bağlı tenderin nəticələrinə Yunanıstan hökumətinin ədalətsiz müdaxiləsi;

İkincisi, rəsmi Afinanın işğalçı Ermənistana verdiyi dəstək;

Üçüncüsü, Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlik.

2014-cü ildə SOCAR-ın Yunanıstan hökumətinin müraciəti əsasında bu ölkənin qaz şirkəti, ölkə daxilində paylaşımı həyata keçirən “DESFA”nı almaq üçün tenderə qoşularaq qalib gəlməsindən sonra Yunanıstanın əvvəlki hökuməti prosesin müsbət finalına mane oldu. Bununla belə, rəsmi Bakı ucuz prinsipiallığa getmədi və soyuqanlılıq nümayiş etdirərək heç bir demarşa əl atmadı. Ancaq indiki halda, Afina əməkdaşlığın inkişaf etdirilməsi üçün perspektiv görürsə, rəsmi Bakının mövqeyi ilə hesablaşmalıdır. Söhbət həm də Dağlıq Qarabağ münaqişəsinə münasibətdən gedir. Yunanıstanın işğalçı ölkəyə verdiyi dəstək, Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıq dərin təəssüf hissi yaradır.

“Əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir. Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim. Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb”, - deyə Prezident İlham Əliyev bildirib.

Nəhayət, Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı daha bir məqam Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginliklə bağlı idi. Azərbaycan dövlətinin sözügedən məsələyə münasibəti kifayət qədər aydın səslənir: “Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Beləliklə, Yunanıstan səfirinin etimadnaməsini qəbul edərkən dövlətimizin başçısının nümayiş etdirdiyi mövqe Azərbaycanın açıq diplomatiyasının göstəricisi olmaqla yanaşı, xalqımızın, dövlətimizin və qardaş Türkiyənin milli maraqlarının qətiyyətli müdafiəsinin ifadəsi idi.

Vüsal Məmmədov