Lənkəranda su mənbəyi kimi qazılan quyudan təbii qaz çıxıb. Maraqlı, amma təhlükəli olan bu hal rayonun Havzava kəndində qeydə alınıb. Səbəbinə gəlincə, bu hələ ki müəmmalı olaraq qalır.
Əməkdaşlarımız ərazidə olub, məsələni araşdırmağa çalışıb. Su quyusundan mavi yanacağın çıxması Havzava kəndində yaşayan Hüseynovlar ailəsinin fərdi təsərrüfatlarında baş verib. Ailə həyətyanı sahələrində bir neçə gün əvvəl quyu qazdırıblar. Su mənbəyi rahatlıqla qazılsa da, nəticə ürək açan olmayıb.
Ev sahibi Dünyaxanım Rzayeva deyir ki, quyudan qaz çıxdığını uşaqlar deyiblər: “Evdə idik, quyu qazanlar da burda idi. Bir də eşitdim ki, uşaqlar deyirlər ana, quyuda qaz yanır. Çıxıb baxdıq ki, həqiqətən də qaz yanır”. Ev sahibi qeyd edib ki, quyudan həmin gecə partlayışa bənzər səslər gəlib”.
“Təxminən bir əsrə yaxındır ki, bu yer onların yurdudur: bizim yurdumuzdur. Məndən əvvəl atam, babam, ulu babam burada yaşayıb. Amma heç vaxt bizim həyətdə belə hal yaşanmayıb. Su sarıdan da daim əziyyət çəkmişik. Bu səbəbdən də yeni quyu qazmaq qərarına gəldik”, - deyir ailə başçısı Xanəhməd Hüseynov. Onun sözlərinə görə, quyu 26 metr qazılıb, ondan sonra ərazidən qaz çıxıb: “Alışqanı vuran kimi qaz başladı yanmağa, alov 5 metrə qədər ucaldı. Tez söndürdük, yenə yandırdıq ki, görək nə baş verir. Yenə yanmağa başladı. Uşaqlar su dolu qəfədəanı gətirdilər, qazın üzərinə qoyduq, 5 dəqiqəyə qaynadı”.
Ev sahibi vurğulayın ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, baxış keçiriblər: “Bizə dedilər ki, bunu bağlayın, üzərinə 2 metrəyə qədər beton tökün. Dünən də qaz idarəsindən gəlmişdilər. Onlar da baxış keçirdilər, dedilər bəlkə sızan qaz var. Sonra müəyyənləşdirdilər ki, heç bir şey yoxdur, çıxıb getdilər”.
Hazırda ailə də, elə kənd sakinləri də müəmma içində qalıblar. Bilmirlər nə etsinlər, quyunu betonlasınlar, ya açıq qalsın?!
Pərvanə Nəhmətqızı, Rövşən Məmmədov