Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin növbəti təxibatının qarşısını qətiyyətlə alması və uğurlu əks-həmləsi paytaxt və regionlarda böyük dəstək aksiyaları ilə müşayiət olundu. Bu həmrəylik aksiyaları cəmiyyətdə vətənpərvərlik ruhunun yüksək olduğunu nümayiş etdirdi. Təəssüflər olsun ki, odumuza dəstək, birlik ismarıcı ilə keçirilən aksiyaların istiqamətini sapı özümüzdən olan və xarici antimilli dairələr tərəfindən idarə olunan destruktiv-lokal qruplar dəyişməyə uğursuz cəhdlər etdilər. Dövlət üçün ən həssas dövrdə milli birliyə zərbə vurmağa çalışan həmin qüvvələrin cavabını isə xalq öz lideri və ordusunun yanında olduğunu bəyan etməklə bildirdi. 

Təbii olaraq, Ermənistan sərhəddə təxribata əl atdığı bir vaxtda, xarici antiazərbaycan dairələrin sifarişi əsasında AXCP nümayəndələrinin bir qrup radikal ünsürlə orduya dəstək yürüşünün istiqamətini dəyişməsi cəmiyyətdə böyük etirazla qarşılandı. Həmin qrupa tabe şəxslərin 90-ci illər eyforiyası ilə qanunverici orqana daxil olaraq vandallıq törətmələri, əks düşərgənin eyni ssenarini təkrarlamağa çalışdığını göstərdi. Digər məqam isə pozucu kəsimin radikal, konstitusiyaya zidd addımlarında gənclərdən vasitə kimi istifadə etməsi oldu. Bu fakt bir daha radikal dəstənin ideoloji-siyasi cəhətdən yetişmədiyini, milli maraqlar qarşısında məsuliyyət hissi daşımadığını tam sübuta yetirdi. Təsadüfi deyil ki, paytaxt sakinləri və ümumilikdə ölkə əhalisi erməni təxribatçıları ilə paralel olaraq daxildə destruktiv hərəkətlərə yol verən “beçinci kolon” təmsilçilərinin xəyanətkar mövqelərini qətiyyətlə pislədilər.

Fakt odur ki, radikal dairələrin populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlərlə cəmiyyətin diqqətini cəlb etmək istəyi bu dəfə də uğursuzluqla nəticələndi. Eyni ssenari, ənənəvi dağıdıcılıq hərəkətləri ilə xarici havadarlarına siyasi varlıqlarını göstərmə niyyəti, əslində, orduya dəstək adı altında təşkil edilən aksiyanın məqsəd və yönünü dəyişməklə iflasa uğramış sayıla bilər. Ötən əsrin 90-cı illərindən fərqli olaraq, müasir gəncliyi boş vədlər, çılğın cağırışlar, populizmlə siyasi avantüralara cəlb etmək mümkün olmayacaq. Bu gün Azərbaycan gəncliyi kifayət qədər yetkindir və bütün prosesləri analiz etmək qabiliyyətindədər.

Beləliklə, əminliklə demək olar ki, Azərbaycan cəmiyyətində xarici antimilli şəbəkənin buyruq quluna çevrilən AXCP nümayəndələrinin destruktiv əməlləri pislənilir. Ordumuzun düşmən təxribatı ilə üz-üzə qaldığı bir vaxtda, xarici sifarişlər əsasında marginal qrupların dağıdıcı addımlar atmasına yalnız bir ad vermək olar - Vətənə xəyanət! Aparılan müşahidələr də təsdiq edir ki, cəmiyyətdə hərbi vətənpərvərlik hissləri çox yüksək səviyyədədir və hansısa siyasi marionetlərin xalqımızın mübarizə əzmini qırmağa yetəcək gücü yoxdur. Bu gün Azərbaycanda kənar qüvvələrin təsiri ilə hansısa dırnaqarası ssenarilərin gerçəkləşdirilməsi nəinki mümkünsüzdür, ümumiyyətlə, siyasi müzakirə predmeti belə deyil.

Son hadisələr Azərbaycan iqtidarının nə qədər güclü, monolit olduğunu, xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini, dövlət orqanlarının funksionallığının yüksək səviyyəsini, xüsusən də, hüquq-mühafizə orqanlarının, polisin peşəkarlığını, hakimiyyətin bütün hadisələri, prosesləri nəzarət altında saxladığını nümayiş etdirdi. Azərbaycan dövləti xaricdən idarə olunan bu qaragürüh dəstənin stabilliyi pozmasına imkan verməyəcək. Bir daha təsdiq olundu ki, cəmiyyət davamlı şəkildə onun sabit və təhlükəsiz inkişafını pozmağa çalışan belə müxalifətçilərlə gələcəyə doğru birgə addımlaya bilməz.

Elnur Hacalıyev – “Xəbərlər”