Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlı dövlətimizin, ordumuzn yanındadır. Bunu artıq bir neçə gündür ki, planetin müxtəlif yerlərində soydaşlarımızın keçirdiyi dəstək mitinqləri də sübut edir. Bu cür aksiyalar, Avropanın müxtəlif şəhərlərində bu gün də davam edib.
Ermənistanın təxribatları fonunda ölkəmizdə hökm sürən ruh yüksəkliyi, birlik əhval ruhiyəsi dünyadakı bütün azərbaycanlıları əhatə etməkdədir. Latviyanın Paytaxtı Riqada Azərbaycan dövlətinə dəstək məqsədilə avtoyürüş keçirilib. 40-a yaxın soydaşımız Azərbaycan bayralqarı ilə bəzədilmiş, erməni işğalını ifşa edən plakatların yer aldığı 20-ə yaxın avtomobillə Riqanın mərkəzi küçələrindən keçib. Avtoyürüşə maraq göstərən Riqa sakinlərinə Dağlıq Qarabağ və ətraf ərazilərin işğalı, Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar haqqında məlumat verilib. Yürüşdən sonra Baltikyanı ölkələrdəki diaspor təşkilatlarının Dağlıq Qarabağ həqiqətlərilə bağlı yaxın gələcəkdə reallaşdıracaqları layihələr haqqında fikir mübadiləsi aparılıb.
Avstriyanın paytaxtı Vyana şəhərində də Ermənistan silahlı qüvvələrinin ötən günlərdə Azərbaycana qarşı törətdiyi təxribatlara etiraz aksiyası keçirilib. Aksiyada bu ölkədə yaşayan soydaşlarımız, türk diasporunun təmsilçiləri, mətbuat nümayəndələri iştirak ediblər. “Ermənistanın işğalına son qoyulsun!“, “Ermənistan BMT qətnamələrini icra etməlidir!“, “Biz yalnız beynəlxalq hüquqla bizim olan torpaqları geri istəyirik!, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib. Avstriya-Azərbycan Mədəniyyət və İş adamları Dərnəyinin sədri Yardım Günəş erməni terroru, Dağlıq Qarabağ ərazisində tarix boyu törədilmiş cinayətlər haqqında ətraflı məlumat verib. Aksiyanın bəyanatı bir-neçə dildə oxunub. Bəyanatda iyulun 12-dən Azərbaycan və Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribat törətdiyi qeyd olunub. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini hədəfə alması xüsusilə vurğulanıb. Bəyanatda beynəlxalq təşkilatlardan, xüsusilə də Baş Katibliyi Vyanada yerləşən ATƏT-dən Ermənistanın təxribatlarına səssiz qalmamaq və işğalçı ölkəyə təzyiq göstərmək tələb edilib. Aksiyanın təşklatçıları Vyana sakinlərini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və hazırki vəziyyət barədə məlumatlandırıblar.
Macarıstanın paytaxtı Budapeşt şəhərindəki “Qəhrəmanlar” meydanında da Qarabağa azadlıq sədaları eşidilib. Aksiyada Ermənistan silahlılarının Tovuz Rayonu istiqamətində törətdiyi təxribatlar nəticəsində hərbçilərlə yanaşı, mülki şəxslərin də şəhid olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, bu fakt Nikol Paşinyan hakimiyyətinin terrorçu mahiyyətini bir daha göz önünə qoyur. Aksiyada “Dağlıq Qarabağa azadlıq!”, “Erməni terroruna son!”, “Təcavüzə son!” şüarları səsləndirilib. Aksiyanın sonunda Macarıstanda yaşayan azərbaycanıların dövlətimizə dəstək bəyanatı qəbul edilib
Elzar Ağayev, AzTV-nin Qərbi Avropa bürosu