Ağcabədidə “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Bu ölkə üzrə sayca 19-cu, bölgələrdə isə 14-cü mərkəzdir.

Burada yaradılan imkanlardan Ağcabədi ilə yanaşı, Zərdab, Ağdam, Beyləqan, Füzuli rayonlarının sakinləri, Cəbrayıl, Xocalı, Xocavənd və Şuşa rayonlarında qeydiyyatda olan, ümumilikdə 815 mindən çox vətəndaş istifadə də biləcək. Burada onlar 300-dən çox müxtəlif xidmətlərdən yararlana biləcəklər.

Koronavirus pandemiyasının yayılmaması üçün “ASAN xidmət” mərkəzində sakinlər tibbi maskadan istifadə edir, eləcə də ara məsafəsi saxlayırlar. Bu qaydalara könüllülər nəzarət edir, vətəndaşları maarifləndirirlər. Hazırda mərkəzdə 207 əməkdaşla yanaşı, 45 könüllü çalışır. Onlar vətəndaşlara təklif olunan xidmətlər barədə məlumat verirlər.

“ASAN xidmət” mərkəzindən əlavə, Ağcabədi “ASAN Həyat” kompleksində “ASAN kommunal” mərkəzi, “ASAN vəkillik” bürosu, Uşaq Psixoloji Sosial İnkişaf Mərkəzi də fəaliyyət göstərəcək.

Gələcəkdə ASAN  xidmət mərkəzlərinin sayı daha da artırılacaq. Hazırda səkkiz mərkəz tikilir. Onların bəzilərinin inşası başa çatmaq üzrədir.

2021-ci ilin sonuna kimi ölkə üzrə 27 ASAN Xidmət Mərkəzi fəaliyyət göstərəcək.