Özünü demokratiyann beşiyi hesab edən və dünyaya demokratik dəyərlər ixrac etməyə çalışan bəzi Qərb ölkələrində bu gün polis zorakılığı, insan haqlarının kobud şəkildə pozulması faktları adiləşir. ABŞ-da polisin qaradərili vətəndaşı öldürməsi ilə bu ölkədə başlanan etiraz aksiyaları, o cümlədən polislərin vətəndaşlara qarşı zorakılıq halları Avropaya doğru yayılmaqdadır.
“Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur”, - deyə Prezident İlham Əliyev çıxışında bildirmişdi.
Adətən insan hüquqları ilə bağlı hakimlik iddiasında olan beynəlxalq təşkilatlar, siyasi mərkəzlər və digər Qərb ölkələri bu dəfə möhkəm susurlar. Avropa İttifaqı ölkələrinin, Avropa Şurasının qulaq batıran səssizliyi deməyə əsas verir ki, məsələ heç də deyildiyi kimi, insan hüquqları, ali demokratik dəyərlər deyil. ABŞ və Avropa polisinin dəyənəyi altında əzilən də insandır. Lakin başqa ölkələrə yanaşmada ortaya qoyulan, hansısa maraqları gerçəkləşdirmək üçün istifadə olunan metodlar, aydın olur ki, sadəcə, təzyiq rıçaqıdır.
Tarix bugünkü rellıqları qiymətləndirmək üçün yaxşı açardır – bu həmin ölkələrdir ki, irqi ayrı-seçkilik, nasizm, müstəmləkəçilik, dünyanın dördbir yanında bu və ya digər formada ilhaq etdiyi, əsrlər boyu əsarətində saxladığı ölkələrin resurslarını talamaq onlar üçün adi haldır və bütün bunlar o qədər də uzaq keçmişin gerçəkliyi deyil.
ABŞ-da Corc Floyd polis zorakılığının qurbanı olduqdan sonra başlanan aksiyalarda minlərlə insan iştirak edir. Vəziyyət o həddə çatıb ki, Pentaqon başlayan qarışıqlıqlarla əlaqədar Vaşinqton ətrafındakı yaşayış məntəqələrinə təxminən 1,6 min hərbi qulluqçu göndərib. Hərbçilər yüksək döyüş hazırlığı vəziyyətinə gətiriliblər.
ABŞ-da baş verənlər Fransada da Adama Traorenin qətlini yenidən gündəmə gətirib və polis zorakılığına qarşı etiraz dalğası yaradıb. “Adama Traore haqqında həqiqət” kollektivi tərəfindən planlaşdırılmış dinc yığıncaq, son anda Paris prefekturasının qadağasıdan sonra barıt çəlləyinə çevrilib. Paris, Lill, Marsel şəhərlərində insanlar polis zorakılığı əleyhinə ayağa qalxıblar. ABŞ-da baş verən hadisənin Parisdəki hadisənin təkrarı olduğu bilirilib. Polis nümayişçilərə qarşı zor tətbiq edib, gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, Adama Traore 2016-cı ildə polis tərəfindən saxlanıldıqdan 2 saat sonra Persan kazarmasında müəmmalı şəkildə ölüb və onun boğularaq öldürüldüyü təsdiqlənib. Bundan sonra isə Fransa polisi dəyənəyini öz vətəndaşlarına qarşı növbəti dəfə “işə salıb”.
Bütün bunlar bir daha göstərir ki, bir çox Qərb ölkələrində
- Birincisi, dövlət-xalq münasibətlərində radikalizm meylləri, polis zorakılığı açıq şəkil alır.
- İkincisi, iqtisadi kataklizmlər və resessiya siyasi və ictimai sabitliyin pozulmasına doğru aparır.
- Üçüncüsü, demokratiya və insan hüquqları ilə bağlı illüziyalar dağılır, nasizm, millətçilik meylləri güclənir və multikultural dəyərlər sürətlə deqradasiyaya uğrayır.
Bu ölkələrin başqa regionlara, ölkələrə demokratiya ixrac etmək cəhdlərinin, öz maraqlarını təmin etmək naminə radikal dəyişikliklərə nail olmaq təşəbbüslərinin hansı nəticələr verdiyi isə yaxın Şərqin bir sıra ölkələrinin timsalında aydın görünür.
Vüsal Məmmədov