Cümhuriyyət, demokratiya, hüquqi və dünyəvi dövlət… Bu gün üçün adi sözlər və ya idarəetmə forması ola bilər deyilənlər. Lakin 90 illik əsarətdən sonra əldə olunduğunu, müsəlman şərqində ilk olduğunu nəzərə alsaq, dəyərini dərk etmək, yəqin ki çətin deyil. Bəli, böyük zəhmət, cəsarət tələb edirdi Cümhuriyyət qurmaq. Cümhuriyyətin yaranması üçün, əslində, ilk adımlar 1917-ci ildən atılmağa başlanır. Rusiyada baş verən Fevral inqilabı Çar imperiyasını devirir. Bu isə azadlıq arzusu ilə yaşayan xalqların həyatını dəyişir, xalqların milli hərəkatı başlanır.

102 il əvvəl bu gün Tiflisdə Azərbaycan Milli Şurası təşkil edilir. Xalq cumhuriyyətinin yaradılması barədə istiqlal bəyannaməsi imzalanır. Baş nazir Fətəli Xan Xoyski dünyanın aparıcı dövlətlərinə radioteleqram vasitəsilə Azərbaycan Cumhuriyyətinin məramını çatdırır. 1920-ci ilin yanvarında isə Paris sülh konfransının Ali Şurası Azərbaycanın müstəqilliyini tanıyır. Azərbaycan Demokratik Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət isə Osmanlı imperiyası olur.

Tiflisdən Gəncəyə köçən hökumətin başlıca məqsədi Bakını işğaldan azad etmək olur.

Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakını azad edir. Bu uğur Cümhuriyyətin elan edilməsindən sonra tarixi əhəmiyyətinə görə ikinci böyük hadisə hesab edilir. Qalibiyyətin əldə edilməsində türk hərbçilərin rolu böyük olur. Lakin təbii ki, bu qalibiyyət itkisiz başa gəlmir və elə türklərin bu dəstəyinə görə hazırda Şəhidlər xiyabanındakı abidə döyüşdə həlak olmuş şəhidlərin şərəfinə ucaldılıb.

Cümhuriyyətdən danışıb Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyskinin adlarını qeyd etməmək olmaz.

Baxmayaraq ki, 23 ay ayaqda durdu, lakin böyük nailiyyətlər və qalibiyyətlərə imza atılıb. İlk dəfə qadınlara seçim hüququ tanınır, qadın -kişi bərabərliyi təmin edilir. Milli ordu, milli pul, milli bank yaradılır, azad seçkilər təmin edilir. Dövlət atributları – himn və bayraq qəbul olunur. Xarici İşlər Nazirliyi, xüsusi xidmət orqanları, ordu yaradılır, Sərhəd və Gömrük xidməti qurulur. Türk dili dövlət dili elan edilir, ibtidai və orta məktəblərdə işlərin ana dilində aparılması haqqında qərar verilir. Bakı Dövlət Universiteti, eləcə də Ana dilində mətbuat orqanları yaradılır. 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrdə oxumağa göndərilməsi barədə qərar qəbul edilir.

23 ay davam edən azadlığı bolşeviklər boğur, devirir. Lakin xalqın istiqlal ideyası yenilmir. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan edir. 102 il əvvəl cəmi 23 aya yoxdan var edilən dəyərlər ikinci dəfə müstəqil olduqdan sonra ümummilli lider Heydər Əliyev tərəfindən qorunur və bayrağımızın daim var olması üçün böyük işlər görülür. Bu gün də həmin siyasət uğurla davam etdirilir. Müasir Azərbaycanın varisi Xalq Cümhuriyyətinə diqqət Prezident İlham Əliyevin də siyasi kursunda xüsusi yer tutur. Məhz ölkə başçısının tapşırığına əsasən, 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.

Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb.