“Nur şəhəri” - Mingəçevir! Azərbaycanı elektrik energisi ilə təmin edən əsas stansiyalardan birinin olduğu bu şəhərin işığından hər evə pay düşür. Mingəçevir Kür çayının sahilində yerləşməsi və avarçəkmə bazasına malik olması ilə də diqqəti cəlb edir. Böyük sənaye potensialı olan şəhərin son illərdə yeni tikililərlə daha da gözəlləşməsi, müasir infrastukturun qurulması onun turistlər üçün cəlbediciyini artırır.

Küveytdən olan turist bizimlə söhbətində deyir:

-          Azərbaycanı çox sevirəm. Mingəçevirə də vuruldum. Kür çayından zövq aldım. Tarix muzeyində oldum. Şəhərin sakinlərinin zəhmətsevərliyi, qurub-yaratmaq həvəsi məni heyran etdi. Avropanın ən hündür torpaq bəndinin Mingəçevirdə olmasını öyrəndim. Bu da məndə maraq doğurdu.

 ***

Mingəçevirə gələn hər bir turist bu şəhər barədə ancaq xoş sözlər deyir, onun gəzəlliyinə vurulur, burada maraqlı olan nəsə tapır. Kür çayının hər iki sahilində, Bozdağın ətəyində yerləşməsi bu şəhəri uzun illərdir ki, ölkəmizin əsas turizm mərkəzlərindən birinə çevirib. Son illərdə şəhərin simasının müasirləşməsi, istirahət məkanlarının sayının artması onu turistlər üçün daha da cəlbedici edib. “İşıqlar şəhəri” təkcə energetika deyil, həm də turizm mərkəzidir. Əvvəlki illərlə müqayisədə yurdumuzun bu bölgəsinə üz tutan qonaqların sayı xeyli artıb. Hər kəs də yaradılan şəraitdən razılığını bildirir.

 

 Danimarkadan olan turist:

-           Danimarkada ölkəniz haqqında eşitmişdim. İnsanlarınız səmimi və qonaqpərvərdir. Kür çayının gözəlliyinə söz ola bilməz. Çox maraqlı və rəngarəng gün keçiririk. Çayda səyahətin, balıq ovunun ayrı ləzzəti var. Küçələrdə insanların üzü gülür. İnsana çox qayğıyla yanaşırlar. Qaldığım oteldə isə xidmət əladır. Növbəti dəfə ailəmlə birgə gəlməyi düşünürəm.

 

Başqa bir danimarkalı turist:

-          Şəhərin təmizliyi insanı xüsusilə valeh edir. İnsanlarınız çox mehriban və qonaqpərvərdirlər. Şəhərin restoranlarında milli və Avropa mətbəxinin ləziz təamlarına rast gəlmək olur. Balıq məhsullarından hazırlanan yeməklər ləzzətlidir. Mingəçevirə yenidən gəlməyi çox istərdim.

***

Şübhəsiz ki, Mingəçeviri turistlər üçün Kür Olimpiya Təlim Tədris Mərkəzi da maraqlı edir. Yenidən qurulandan sonra bura Avropa ölkələrinin avarçəkmə üzrə komandaları üçün əsas təlim mərkəzinə çevrilib. Xüsusən də qışda. Çünki  qış fəslində Kür donmadığından komandaların məşq etmələri üçün yaxşı imkan yaranır.


Mərkəzin meneceri Ülvü Seyidov: “Bizdə əsasən yay aylarında xarici ölkələrdən, Almaniya, İtaliya, Fransa və bu kimi ölkələrdən otelimizə qonaqlar təşrif buyurur. Qışda, yazda isə rus, gürcü, alman idmançılar burda olurlar. Yaz aylarında idmançılar otelimizi tam olaraq doldururlar.

 ***

Mingəçeviri mübaliğəsiz parklar şəhəri də adlandırmaq olar. Burada hər küçədə bir neçə park yerləşir. Parkların ən böyüyü və məşhuru “Sahil” parkıdır. Kürün hər iki sahili boyunca insan əli ilə yaradılan gözəllik hər kəsi valeh edir. Şəhərin sakinləri də burada dincəlirlər. Parkda onların istirahəti üçün hər cür şərait yaradılıb.

 

Sərxan Məmmədov (sakin):

-          Bura hər gün gəlirik. Hər bir şərait yaradılıb. Hər dəfə uşaqlarla, ailəmlə birlikdə gəlib xoş istirahət edirik. Hər kəsi bura gəlməyə dəvət edirik. Kürün sahilində çox gözəl hava var, müalicəvi cəhətdən də xeyri çoxdur.

 

Vüsal İsmayılov (sakin):

-           Kürün hər iki sahili, sağ sahili, sol sahili hər gün gəlib burda istirahət edirik, günümüzü mənalı keçiririk. Müasir standartlara cavab verən parklarımız, otellərimiz var.

Bir sözlə, Mingəçevirə - xoş sürprizlər diyarına gəlin. Sizi unudulmaz istirahət gözləyir...

 

Samir Quliyev,Şahmurad Məmmıdov, Lalə Quliyeva

AzTV, “Xəbərlər”