Dünya yeni təlatümlə üz-üzədir. İkinci Dünya Müharibəsindən sonra yaşanan ən ciddi qlobal təhdid kimi görünən koronavirus infeksiyasının hansı miqyas alacağını proqnozlaşdırmaq belə mümkün deyil.
Bəzi mütəxəssislər bu infeksiyanı bəşəriyyət, insan nəsli üçün real təhlükə kimi qiymətləndirirlər. Virusun yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri ciddi tədbirlər görməyə məcbur edir, izolyasiya şərtləri sərtləşdirilir, sərhədlər bağlanır, aviareyslər təxirə salınır, daxili karantin rejimləri fövqəladə rejimlə əvəz edilir... Bir vaxtlar qarşısıalınmaz proses kimi qiymətləndirilən qlobalizm faktiki olaraq tənəzzül yaşayır. Virus isə yayılmaqda davam edir.
Dünyanın bir parçası kimi Azərbaycan da infeksiyanın doğurduğu təhlükə ilə üz-üzədir. Hazırda ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunub. Azərbaycan dövləti infeksiyanın yayılmasının qarşısının alınması üçün maksimum səylə çalışır. Bu fəaliyyətə virus hələ Uzaq Şərqdə peyda olanda başlanılmışdı.
Operativ reaksiya
Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi və bir sıra preventiv tədbirlər həyata keçirilməyə başlanıldı. Bir qədər sonra qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən daha əhatəli Tədbirlər Planı təsdiqləndi.
Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradıldı. Qabaqlayıcı tədbirlərin görülməsi və ölkəmizin bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olundu.
Çində virus aşkar olunduqdan az sonra Azərbaycan bu ölkə ilə uçuşları təxirə saldı. Bir neçə gün sonra virusun sürətlə yayılmağa başladığı İranla sərhəddə gediş-gəliş dayandırıldı, yalnız ticarət əlaqələrinə icazə verildi. Bu əlaqələr isə xüsusi dezinfeksiya işləri aparılmaqla həyata keçirilməyə başlanıldı.
ÜST necə qiymətləndirdi?
Martın əvvəllərində Azərbaycan dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul etdi.
Bu, Azərbaycanın qlobal təhülkəsizliyin təmin olunması istiqamətində ardıcıl siyasətinin növbəti təzahürü, beynəlxalq birliklə həmrəyliyinin ifadəsi idi.
Bundan bir neçə gün sonra ÜST ekspertlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə oldu və ölkəmizdə COVID-19 ilə mübarizə tədbirlərinin düzgün və effektiv qurulduğunu açıqladı.
Yoluxma faktları və karantin rejimi
Göründüyü kimi, koronavirus sürətlə bütün dünyanı cənginə aldı və mütləq təcridin mümkün olmadığı şərtlər daxilində ölkəmizdə də qeydə alındı. Fevralın sonlarında Azərbaycanda ilk koronaviruslu xəstə müəyyən edildi...
İnfeksiyanın yayılması riskinin aradan qaldırılması məqsədilə əvvəlcə martın 3-dən 10-dək, daha sonra isə 10-dan 29-dək və nəhayət, bu günlərdə aprelin 18-dək təhsil müəssisələrinin fəaliyyəti dayandırıldı.
Martın 14-dən etibarən isə ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri tətbiq olundu, ölkə üzrə bütün kütləvi tədbirlər təxirə salındı.
Nəhayət, pandemiya ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edildi.
Birliyin ifadəsi
Martın 18-də Prezident İlham Əliyev yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edildi.
Bu, dövlətimizin virusla mübarizənin ön cəbhəsində dayanan tibb işçilərinə diqqətinin və dəstəyinin ifadəsi idi.
Martın 19-da Prezident İlham Əliyevin Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.
Dövlət başçısının müvafiq Sərəncamı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrıldı.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdü. Bu, bir hərəkata çevrildi – bu günədək yüzlərlə şirkət, dövlət qurumu və fiziki şəxslər Fonda ianələr köçürüblər və bu proses davam edir. 27 mart tarixində artıq Fonda 90 milyona yaxın vəsait toplanıb.
Fonda hətta vətəndaşların belə ianələr köçürməsi, sahibkarların, şirkətlərin bu sahədəki aktivliyi bir daha milli birliyimizin, milli identikliyimizi ifadə edən həmrəyliyimizin ifadəsi kimi özünü göstərməkdədir.
Dövlət iqtisadi stimullaşdırma həyata keçirəcək
Şübhəsiz, baş verən proseslər qlobal iqtisadiyyatda kataklizmlərə yol açır: əlaqələr zənciri qırılıb, istehsal və istehlak dövriyyəsi aşağı düşüb, əksər sahələrdə rentabellilik mənfi saldo ilə əvəzlənib, neftin qiyməti isə dibə vurub...
Belə planetar itkilər Azərbaycana da mənfi təsirlərini göstərir. Bununla belə, dövlətin iqtisadi qüdrəti, düşünülmüş strategiyası, lazımi preventiv tədbirlər itkilərin minimallaşdırılmasına imkan verir. Azərbaycan dövləti də belə imkanlara malikdir və atılan addımlar göstərir ki, Azərbaycan istənilən halda makroiqtisadi sabitliyin qorunması və sosial məsələlərin həllini prioritet hesab edir.
Dövlət başçısının Sərəncamı ilə pandemiyanın və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci il dövlət büdcəsindən 1 milyard manat ayrılması dövlətin bu sahədəki siyasi iradəsinin ifadəsi olmaqla paralel, ölkə iqtisadiyyatında pandemiyadan öncə müşahidə olunan dinamikliyin bərpasına ümidlər yaradır.
Dəfələrlə daha təhlükəli mərhələləri geridə qoyan bəşəriyyət bu sınaqdan da, şübhəsiz, üzüağ çıxacaq. Əksər mütəxəssislər hesab edir ki, pandemiya bütün dünyanı tamamilə yeni çağırışlarla üz-üzə qoydu və bundan sonrakı dönəm planetar miqyasda keyfiyyətcə yeni mərhələnin bağlanğıcı olacaq. Bu yeni epoxaya çıxmaq üçün isə qarşımızda, ilk növbədə, həmrəylik, birlik və qaydalara riayət etməklə özümüzü, yaxınlarımızı, ətrafımızı və beləliklə, insan nəslini xilas etmək missiyası var. Bir sözlə, bəşəriyyətin gələcəyi bu gün hər birimizdən asılıdır!
#bizbirlikdəgüclüyük!
Vüsal Məmmədov